"Neftçi"nin futbolçusu Lukas Qomes səfərdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XXVI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Argentinalı hücumçu əvvəlcə matçı dəyərləndirib...
- Çətin oyun olacağını bilirdik. Çünki çempiona qarşı oynayırdıq və sonadək mübarizə apardıq. Sonda da 3 xalı qazanan tərəf biz olduq.
- Oyunun sonunda qaçırdığın real qol epizodunu necə şərh edərdin?
- Həmin epizodu qola çevirə bilmədiyimə görə əlbəttə, üzülürəm. Yenə öz üzərimdə çalışacam və növbəti oyunlarda belə şanslar olarsa, ondan maksimum yararlanmağa səy göstərəcəm. Bu gün 3 xal qazandığımıza və komandanın sonadək göstərdiyi mübarizəyə görə çox sevinirəm və bu arenadan pozitiv ayrılıram.
- Komandaya uyğunlaşmaqda sanki hələ də çətinlik çəkirsən...
- Əlbəttə, üzərimdə daha çox tənqid olduğunu bilirəm. Çünki əcnəbi futbolçuyam, burda legioner həyatı yaşayıram. Xaricdən gəlmişəm, buna görə məndən ikiqat tələb var. Əvvəlki oyunlara nəzərə salsaq, son dəqiqələrdə meydana daxil olurdum. Ancaq bu dəfə baş məşqçi mənə daha çox oynamaq şansı verdi. Çalışıram ki, həmişə komandaya futbolçu kimi daha çox xeyir verim.
- Tənqidlər sənə psixoloji cəhətdən mənfi təsir göstərmir?
- Təbii ki, peşəmiz futbol oynamaqdır. Yaxşı oynananda da, pis oynayanda tənqidlərə öyrəşməliyik. Mən də tənqidləri normal qarşılayıram. Çalışıram ki, həmişə öz üzərimdə daha çox işləyim.
- "Neftçi"dəki gələcək perspektivini necə görürsən?
- Klubla hələ 6 aylıq müqaviləm var. Çalışacam ki, qalan 6 ayda özümü yaxşı tərəfdən göstərim. Bundan sonra nə olacaq, artıq klubun qərarı olacaq.
- İmicində dəyişiklik diqqət çəkir. Saçını sarı rəngə boyamısan. Bundan xüsusi bir səbəb varmı? Bəlkə düşərli olmaq üçün belə etmisən?
- (gülür) Görürəm ki, bayaqdan saçıma gülürsünüz. Dəyişdim ki, bir az maraqlı olsun. Görürəm ki, siz də mənə maraqla baxırsınız.