Bu gün Topaz Premyer Liqasında mövsümün son turuna start veriləcək.
Sportnet.az-ın məlumatına görə, iki gün davam edəcək turun qarşılaşmaları ilə 2017/18 mövsümünə yekun vurulacaq. Çempionatın son oyunu sabah baş tutacaq.
"Azərsun Arena”da ilk iki yeri təmin edən komandalar üz-üzə gələcək. Gümüş mükafatçı "Qəbələ” çempion titulunu qazanmış "Qarabağ”la qarşılaşacaq. Mayın 21-də keçiriləcək görüş rəqiblər arasında 47-ci duel olacaq. İndiyədək komandalar ümumilikdə 46 dəfə üz-üzə gəlib. "Qarabağ” daha çox – 18 qələbə qazanıb. "Qəbələ"nin hesabında isə 11 uğur var. Digər 17 matçda heç-heçə qeydə alınıb. Əvvəlki 46 oyunda "Qəbələ” 41 qol vurub, 54-nü buraxıb.
"Qırmızı-qaralar”ın "Qarabağ”ın qapısından keçirdiyi 41 topa 27 futbolçu imza atıb. "Qəbələ”nin bu oyunlardakı ən yaxşı bombardiri braziliyalı Dododur. Cənubi amerikalı rəqib qapısına 5 qol vurub. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə fərqlənib. "Qəbələ” "Qarabağ”la 40-cı dəfə Premyer Liqada görüşəcək.
Digər 7 matç Azərbaycan kubokuna təsadüf edib. Çempionatdakı 39 görüşdə ağdamlılar 17, qəbələlilər 10 dəfə 3 xala sevinibsə, 12 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqa duellərində "qırmızı-qaralar” 36 qol vurub, 48-ni buraxıb. "Qəbələ” ev oyunlarında üstünlüyə malikdir. Komandalar 8 heç-heçə edib, hərəyə 7 dəfə qalib gəlsə də, top fərqində "qırmızı-qaralar” öndədir – 24:23.