"Neftçi”nin qapıçısı Səlahət Ağayev komandanın indiki durumu, Avropa Liqasının püşkü və yeni transferlər barədə danışıb. Sportnet.az həmin müsahibəni klubun rəsmi saytına istinadən təqdim edir...
- Komandanın hazırlıq prosesi haqqında nə deyə bilərsiniz?
- Fiziki hazırlığı Bakıda keçdik, sırf Avropa Liqasının oyunlarına hazırlaşmaq üçün isə Türkiyəyə gəldik. Komandanın çox istəkli olduğunu görünür, bu Bakıda da müşahidə olunurdu. Bu gün artıq yoxlama oyunumuz var, hazırlığımızın ilk nəticəlirini bu oyunda görəcəyik.
- Yeni transferlər necə təsir bağışlayır?
- Komandaya yeni qoşulan futbolçulardan Darionu, Dabonu tanıyırıq. Onların haqqında ancaq müsbət rəy bildirə bilərik. Xorvatiyalı müdafiəçi Slavko Braliç də pis təsir bağışlamır, bizə xeyir verə biləcək bir oyunçudur. Tural Axundov və Rəşad Eyyubov da bizə kömək edə biləcək futbolçulardır.
- Keçən mövsüm demək olar ki, əsas qapıçı yox idi. Rəşad Əzizili ilə rəqabətiniz var idi. Bu rəqabəti indi də hiss edirsiniz?
- Əlbəttə, mən də bu rəqabəti hiss edirəm. Rəqabət bütün mövqelərdə olmalıdır. Bu bütün komandanın xeyrinədir.
- "Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın "Uypeşt” komandası ilə görüşəcək. Bu mərhələnə keçəcəyi təqdirdə isə rəqib İspaniya "Sevilya”sı olacaq...
- Biz indi ancaq "Uypeşt” haqqında fikirləşirik. Avropa Liqasına çıxan komanda zəif ola bilməz. Hesab edirəm ki, püşkün nəticəsi bizim üçün digər klublarımızınkından daha ağır oldu, amma əlimizdən gələni edəcəyik ki, oyunumuzu göstərək və azarkeşlərimizi sevindirək.
- Gələn mövsümdə komanda və azarkeşlər nəyə ümid edə bilər?
- Klub rəhbərliyi bizim üçün gözəl şərait yaradıb. Məşqçilərimiz hazırlıq prosesində lazımı tapşırıqlarını verir, zəif cəhətlərimizin aradan qaldırılmasına çalışırlar. Boşluqlar lazımi transferlərlə gücləndirilir. Biz də dayanmadan məşqləri davam etdiririk. Yeni mövsümə yaxşı hazırlaşırıq. Hər şey belə davam etsə, son mövsümdən daha yaxşı nəticələrə ümid edə bilərik. Azarkeşlərimiz də sona qədər bizimlə olsunlar. Qələbələrimizi birlikdə qeyd edək.