"Bu oyun heç nə göstərməyə bilər. Çünki rəqibi də yaxşı tanımırdıq, həm də yeni komandayıq, yeni mövsümdə ilk qarşılaşmamızdır".
Sportnet.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Qəbələ”nin kapitanı Asif Məmmədov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Proqres" klubuna evdə 0:2 hesabıyla uduzduqları ilk oyundan sonra deyib.
Təcrübəli yarımmüdafiəçi bildirib ki, qolları buraxdıqları kobud səhvlərdən sonra qapılarında görüblər: "Bizim də qol imkanlarımız oldu, lakin yararlana bilmədik. Onu deyə bilərəm ki, bu rəqibə Lüksemburqda 3 qol vura bilərik. "Proqres" elə komanda deyil ki, ona səfərdə bizə lazım olan sayda qol vurmayaq. Onlar burda 2 qol vurdularsa, niyə də səfərdə onların qapısına 3 dəfə yol tapmayaq? Əminəm ki, mərhələni adlayan tərəf biz olacağıq”.
32 yaşlı yarımmüdafiəçi əsas kapitanı Cavid Hüseynovun yoxluğuna da toxunub: "Heyətimiz elədir ki, hər bir futbolçunun yoxluğu təsir edir. Bu da ehtiyat qüvvənin elə də geniş olmaması ilə bağlıdır. Cavidin də yoxluğu bu gün mənfi təsirini göstərdi”.















































































