İspaniyanın "Sevilya" klubu qapıçısı David Soriyanın "Xetafe"yə transferinə dair prinsipial razılıq əldə edib.
Sportnet.az-ın məlumatına görə, keçidin yekunlaşması üçün Soriya yeni komandasında tibbi müayinədən keçməlidir. 25 yaşlı qolkiperlə "Xetafe" arasında müqavilə 4 il müddətinə nəzərdə tutulub. Lakin "Sevilya" 2 ildən sonra müəyyən şərtlərlə qapıçısını özünə qaytara bilər.
İspaniyalı qapıçı klubunu 5 ildən sonra dəyişib. O, 2015-2016 mövsümündə Avropa Liqasının qalibi olsa da, ötən 2 mövsümdə zədə üzündən istədiyi kimi çıxış edə bilməyib. O, 2017-2018 mövsümündə La Liqada 15, İspaniya Kubokunda 3, Çempionlar Liqasında 2 oyuna çıxıb.
Soriya "Xetafe"də Visente Quaytanın əvəzləyicisi olacaq. Quayta yayda İngiltərə "Kristal Pelas"ına azad agent kimi keçib. Əvəzində İsveçrə "Bazel"indən çexiyalı Tomas Vatslik alınıb.
Qeyd edək ki, "Sevilya" 2018-2019 mövsümündə də Avropa Liqasında çıxış edəcək. İspaniya təmsilçisi "Neftçi" (Azərbaycan) - "Uypeşt" (Macarıstan) cütünün qalibi ilə Avroliqanın II təsnifat mərhələsində qarşılaşacaq. İlk görüşdə "Neftçi" "Uypeşt"i 3:1 hesabı ilə yenib. Cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.