Növbəti mövsümə hazırlığı Türkiyənin Bolu şəhərində davam etdirən "Sabah” klubunun baş məşqçisi Elşad Əhmədov təlim-məşq toplanışı barədə fikirlərini bildirib:
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bunları söyləyib: "Ayın 16-dan Türkiyədə təlim-məşq toplanışındayıq. Burda daha çox taktiki-texniki tapşırıqlar üzərində işləyirik. Əvvəlcədən hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi nəzərdə tutmuşduq. Artıq 2 görüş keçirmişik. Hər iki qarşılaşma 1:1 hesabıyla başa çatıb. Sevindirici haldır ki, Bakıda keçdiyimiz fiziki hazırlığın bəhrəsini burda görürük. Uşaqlar canla-başla çalışırlar. Çatışmayan cəhət odur ki, hər iki oyunda 1:0 hesabıyla önə keçsək də, son dəqiqələrdə qol buraxdıq. Deməzdim ki, bu, fiziki hazırlıqla bağlıdır.
E.Əhmədov komandada çatışmayan cəhətlərin olduğunu vurğulayıb: "Keçirdiyimiz oyunlarda taktiki planda boşluqlar verdik ki, rəqib də bundan istifadə etdi. Məşqlərdə bu çatışmazlıqlar üzrində işləyirik. Daha 2 oyunumuz var. Hazırda bu matçlara hazırlaşırıq. Bir neçə futbolçumuz zədəlidir. Fərdi məşq edən oyunçularımız da var. Əsas məqsədimiz avqustun 11-də başlayacaq Azərbaycan çempionatına tam hazır olmaqdır. Uşaqlardan tam razıyam. İşimizi davam etdiririk”.