"Oyuna zəif başladıq. Futbolçularımız məşqlərdə düşündüklərimizi edə bilmədilər. "Sumqayıt" gözlədiyimizdən də yaxşı çıxış etdi".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov evdə "Sumqayıt"a 1:4 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Bu məğlubiyyət komandanıza necə təsir edə bilər?
- Cəmi 2 aydır yığışmışıq. Bu məğlubiyyətdən dərs çıxarmalı, səhvlər üzərində çalışmalıyıq.
- Sizin oyun üslubunuz belə deyil. Komandanızın istədiyiniz oyunu sərgiləməməsi nə ilə əlaqədardır?
- Mən də futbolçulara fasilədə dedim ki, istədiyimiz oyunu sərgiləməsək, çətinlik çəkəcəyik. Bəzi çətinliklərimiz oldu. Gələcək oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq.
- "Sumqayıt" səviyyəli mərkəz hücumçusu axtarışında olduğu halda komandanıza 4 qol vurdu...
- Deməzdim ki, rəqibin hücumçusu yoxdur. "Sumqayıt" bu gün yaxşı təsir bağışladı. Biz isə müdafiədəki səhvlər üzərində düşünməliyik.
- "Sabah" ilk turda qələbə qazansa da, "Sumqayıt" uduzmuşdu. Bəlkə bu amil üzündən komandanız bugünkü oyuna rəqibə qarşı saymazyana münasibətlə çıxmışdı?
- İnanmıram ki, saymazlıq olsun. Ola bilsin, arxayınçılıqdandır. Amma oyundan əvvəl diqqətli olmalarını tapşırmışdıq.