Moldova millisinin futbolçusu Yevgeni Koçukun "Səbail”ə geri qayıtmasının təfərrüatı məlum olub.
Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın Sportnet.az-a verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçində başqa klublar da maraqlı olub: "Yevgeni Koçuk ötən mövsüm "Səbail”in heyətində çıxış etmişdi. Mövsümün sonunda Bakıdan ayrılan futbolçu yenidən "Səbail”də oynayacaq. Koçuk bundan əvvəl bizdə icarə əsasında çıxış edirdisə, bu dəfə futbolçu ilə klub arasında birbaşa müqavilə imzalanıb. Oyun praktikasına malik olmaq üçün futbolçu "Jilina”dan ayrılmaq qərarı verib. Bildiyimə görə, onun xidmətində digər klublarımız da maraqlı olub. Lakin futbolçu "Səbail”lə bağlı xoş təəssüratları olduğu üçün bizi seçdi. Bəzi mətbu orqanlarda Koçukun "Səbail”də guya "Jilina” ilə müqayisədə daha çox qazanacağı barədə yazılanlar həqiqəti əks etdirmir. Yevgeniyə "Səbail”in təklif etdiyindən daha yaxşı şərtlərlə müqavilə təklif olunsa da, o, bizi seçdi. Şadıq ki, Koçuk məhz bizim klubu seçib. Həm də öz növbəmizdə "Jilina”ya təşəkkür etmək istərdik ki, onu bizə azad agent kimi buraxdı”.
Qeyd edək ki, Yevgeni Koçuk 2017-2018 mövsümünün ikinci yarısında da "Səbail”də çıxış edib və 13 oyuna 2 qol vurub. Moldova millisində isə o, 10 oyun keçirib.