Topaz Premyer Liqasının V turunda daha bir qarşılaşma keçirilib.
Sportnet.az xəbər verir ki, turun ikinci matçında "Zirə” və "Neftçi” komandaları üz-üzə gəlib.
"Dalğa Arena”da baş tutan görüş "Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu Mirabdulla Abbasov 6-cı dəqiqədə vurub. Meydan sahiblərinin heyətində isə Dilan Duventru 33-cü dəqiqədə tarazlığı bərpa edib. Lakin 52-ci dəqiqədə Qoran Paratski flaqmana qələbə qazandıran qola imza atıb.
Birinci hissənin sonlarında hər iki komandanın baş məşqçiləri Samir Abasovla Roberto Bordin bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə meydandan qovulublar.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Netçi” liderliyini davam etdirib. "Zirə” isə bir xalda qalıb.
Qeyd edək ki, V turun ilk matçı "Səbail” və "Sabah” komandalarının qolsuz heç-heçəsi ilə başa çatıb. Tura sabah keçiriləcək "Keşlə” – "Sumqayıt” və "Qarabağ” – "Qəbələ” matçları ilə yekun vurulacaq.
----------------------------------------------
Topaz Premyer Liqasında V tura start verilib.
Sportnet.az xəbər verir ki, açılış oyununda son iki mövsümün debütantları "Səbail" və "Sabah" komandaları üz-üzə gəlib. "Bayıl Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.
Bu nəticədən sonra xallarını 10-a çatdıran "Sabah" "Neftçi"nin liderliyinə şərik çıxıb. Xallarını 7-yə çatdıran "Səbail" isə 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, bu gün "Zirə" - "Neftçi" görüşü də keçiriləcək. Tura sentyabrın 23-də "Keşlə" - "Sumqayıt" və "Qarabağ" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.
------------------------------
Bu gün Topaz Premyer Liqasında V tura start veriləcək.
Sportnet.az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçı "Bayıl Arena"da baş tutacaq. "Səbail" doğma meydanda Premyer Liqanın debütantı "Sabah"ı qəbul edəcək. Bu komandalar indiyədək heç bir rəsmi görüşdə qarşılaşmayıblar.
Günün ikinci matçında bir xalla sonuncu pillədə qərarlaşan "Zirə" turnir cədvəlinin ilk pilləsində yer alan "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar bu vaxta qədər çempionatda 12 dəfə üz-üzə gəliblər. Bu oyunlardan 8-də "Zirə", 1-də isə "Neftçi" qələbəyə sevinib. Üç görüş isə heç-heçə başa çatıb. Topların fərqində də qəsəbə təmsilçisi öndədir - 15:7. Flaqman son iki çempionat oyununda rəqibinə uduzmayıb.
Turun digər iki oyunu isə sabah olacaq. Keçirdiyi 4 oyunda yalnız 1 xal toplaya bilən "Keşlə" doğma meydanda "Sumqayıt"la üz-üzə gələcək. Bu komandalar çempionatda 24 dəfə qarşılaşıblar. Bunlardan 12-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. 7 görüş isə heç-heçə yekunlaşıb. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var - 36:22. "Gənclik şəhəri" təmsilçisi ardıcıl 4 çempionat oyununda rəqibinə məğlub olmayıb. "Keşlə" isə "Sumqayıt"a qarşı keçirdiyi son 3 matçda xal qazana bilməyib. Paytaxt klubu həmçinin Premyer Liqada ardıcıl 13 görüşdə meydanı qolsuz tərk etməyib.
Tura mərkəzi görüş hesab olunan "Qarabağ" - "Qəbələ" matçı ilə yekun vurulacaq. Bu komandalar Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bunlardan 18-də Ağdam təmsilçisi, 10-da "Qəbələ" meydanı 3 xalla tərk edib. 12 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də son ölkə çempionu üstündür - 49:36. Komandalar arasında keçirilmiş 3 çempionat oyununda 1-dən çox qol vurulmayıb. "Qarabağ" rəqibinə qarşı 6 ev oyununun heç birində uduzmayıb.
Topaz Premyer Liqası V tur
22 sentyabr (şənbə)
18:30. "Səbail” – "Sabah” - 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cəmil Quliyev, Ramil Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
"Bayıl Arena”
20:30. "Zirə” – "Neftçi” - 1:2
Qol: Dilan Dvunetru, 33 - Mirabdulla Abbasov, 6. Qoran Paratski, 52
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Akif Əmirəli, Ömər Paşayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Dalğa Arena”
23 sentyabr (bazar)
"Keşlə” – "Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Elman Musayev, Rəhim Həsənov
Hakim-inspektor: Əli Hüseynov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"ASK Arena”, 18:30
"Qarabağ” – "Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
Hakim-inspektor: Məhəmməd Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
"Azersun Arena”, 20:30