"Qələbə çox yaxşıdı. Hərçənd, ilk hissədə məğlub durumda idik, ancaq ikinci hissədə toparlanmağımız komandasının əzmkarlığını göstərir. "Keşlə"nin qapısında daha çox qol epizodu oldu. Futbolun meyvəsi qoldursa, bu qol çatmadı. Futbolçularımıza əzmkarlığa görə təbrik etmək istəyirəm. Hələ oyunlar qabaqdı. Daha yaxşı çalışmalı, irəli baxmalıyıq".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının V turunda "Keşlə"ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Atilla Yıldırımın zədəsi nə dərəcədə ciddidir?
- Həkimlər onun vəziyyəti ilə məşğuldur. Bir az özünü pis hiss edir. Tam durumu haqda hələ bir şey deyə bilmərəm.
- Səfərdə yaxşı nəticəyə imza atırsınız. Çempionat başlamamışdan belə gedişatı gözləyirdiniz?
- "Sumqayıt" yeni futbolçulardan quurlub. Bu komandanın yaranmasından 3 ay keçməyib. Düşünməmişdim ki, hadisələrin gedişatı belə olacaq. Nəticə 90 dəqiqəyə bilinir. Bir hücumçu ilə hazırlaşmışdıq, Atilla sonradan bizə qoşuldu. İstərdim ki, futbolçularımız daha stabil olsunlar. Nəticənin həmişə yaxşı olmasını istəyirik. Kim istəyər ki, pis olsun? Meydanda özünü idarə etsən, daha yaxşı oynayacaqsan.
- Nəticələr qənaəbəxşdir. Ancaq protokola baxdıqda komandanı gücləndirəcək futbolçunun olmadığını görürsən. Bununla nə qədər uzağa gedə biləcəksiniz?
- Xarici futbolçu götürmürük. Ancaq yerli futbolçularla oynayırq. Komandamız yeni qurulub.
- Kapitan Vurğun Hüseynov ilk turda qırmızı alandan sonra oynamırdı, yalnız bu gün son dəqiqələrdə meydana çıxdı. O, əsas heyətdə yerini itirmişdi, yoxsa başqa səbəb vardı?
- Vurğun son vaxtlar fərdi məşq edirdi. Çünki zədəsi vardı. Az məşq etdiyindən, ehtiyatda qalırdı.
- Sizcə, yarımmüdafiəçiniz Aleksey İsayev yaxın gələcəkdə Azərbaycan millisinə dəvət almaq potensialına malikdir?
- Hər bir baş məşqçi istəyər ki, milliyə çoxlu futbolçusu dəvət alsın. Belə oyunçuların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu, hamı üçün yaxşı olacaq. Hansı baş məşqçi istəməz ki, yığmada çoxlu oyunçusu olmasın?