"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın "Sportinq" klubu baş məşqçi Joze Pezeyrunu istefaya göndərib.
Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytı heç bir səbəb açıqlamayıb. Lakin bu addımın Liqa Kubokunda "Eştoril"ə 1:2 hesablı məğlubiyyətlə əlaqədar olduğu güman edilir. Qalib komandanın heyətində Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da yer alıb.
Lissabon komandasını Portuqaliya Primeyrasında səfərdə "Santa Klara"ya 2:1 hesabı ilə qalib gəldikləri IX tur oyununa Tyaqu Fernandeş çıxarıb. Bu qələbədən sonra "Sportinq" 19 xalla 3-cü pilləyə yüksəlib. Avropa Liqasında isə "zolaqlılar" 6 xalla 2-ci yerdə gedirlər. Növbəti görüş noyabrın 8-də Avroliqanın IV turu çərçivəsində İngiltərə "Arsenal"ına qarşı olacaq.
Qeyd edək ki, "Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.