Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Arsenal" komandası İngiltərə Premyer Liqasında XII tur matçına çıxıb. 
Sportnet.az xəbər verir ki, "topçular" evdə "Vulverhempton"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə qonaq komandadan İvan Kavaleyru açsa da, 87-ci dəqiqədə Henrix Mxitaryan meydan sahiblərinin bərabərlik qolunu vurub. 
Bu nəticədən sonra "Arsenal" xallarını 24-ə çatdırsa da, 5-ci pillədə qalıb. "Vulverhempton" isə 16 xalla 11-cidir.  
İlk 2 pillədəki komandalar turu qələbə ilə başa vurublar. "Mançester Siti" "Mançester Yunayted"ə 3:1 hesabı ilə qalib gələrək, 32 xalla 1-ci, "Fulhem"i 2:0 hesabı ilə yenən "Liverpul" 30 xalla 2-ci pillədə qalıb. "Everton"la qolsuz heç-heçə edən "Çelsi" 28 xalla 3-cü, səfərdə "Kristal Pelas"ı yenən "Tottenhem" isə 27 xalla 4-cüdür.  
Qeyd edək ki, "Qarabağ" oktyabrın 4-də "Arsenal" Bakıda keçirdiyi görüşdən məğlub ayrılıb - 0:3. Bu komandalar Londonda dekabrın 13-də üz-üzə gələcəklər.  









                 





    
    
    
    
    
    
    
    
    
























































