"Qarabağ”ın Azərbaycan Premyer Liqasının XI turunda "Qəbələ”ni 3:1 hesabı ilə məğlub etdiyi matç Maksim Medvedev üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, təcrübəli müdafiəçi ölkə çempionatlarında 269-cu oyuna çıxıb. O, bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Mənə də xoşdur ki, "Qarabağ” tarixində ölkə çempionatlarında ən çox forma geyinmek rekordu bütün futbolçular arasında mənə məxsusdur. Çalışacam ki, bu rəqəmi daha da yüksəldim və klubda çox oyunum olsun. Hələ qarşıda bir neçə ilim var. 269-un daha böyük rəqəm olması üçün əlimdən gələni edəcəm. Düzdür, bu qədər oyun keçirmək çox çətindir, çox əziyyət çəkdim. "Qarabağ” kimi klubun ölkə çempionatlarında ən çox oynayan futbolçusu titulu mənim üçün qürurvericidir. Hədəfim ümumilikdə ən çox oynayan futbolçu adına yiyələnmək və bu klubla daha böyük zəfərlər qazanmaqdır”.
Azərbaycan millisinin də şərəfini qoruyan Medvedev 2006/2007 mövsümündən çıxış etdiyi "Qarabağ”da 269 oyuna 10 qol vurub. O, "Qəbələ” ilə görüşdə Aslan Kərimova məxsus və ötən tur şərik olduğu rekordu yeniləyib. Kərimov 1993 - 1997 və 2003 - 2011-ci illərdə "Qarabağ”da 268 çempionat oyununda forma geyinib və 12 qol vurub.
Qeyd edək ki, Maksim Medvedev həm də ölkə çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçudur.