1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Heç bir azərbaycanlı geri addım atmaz" - MÜSAHİBƏ
"Bu gün yenə məni seçdiniz, deyiləcək çox sözüm yoxdur. Bu ada layiq görüləndən sonra məsuliyyətimiz daha da çoxalır. Gələn il daha diqqətli və ciddi olmalıyıq. Futbolumuza daha çox vaxt ayırmalıyıq. Çalışacağıq ki, ildən-ilə işimizdə irəliləyiş olsun və futbolumuz üçün faydalı olaq. Hər birinizə təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Komanda.az saytı tərəfindən ilin məşqçisi kimi mükafatlandırıldıqdan sonra brifinqdə deyib.
Təcrübəli mütəxəssis jurnalistlərin digər suallarını da cavablandırıb...
- İlin məşqçi sorğusunda siz kimin adını çəkərdiniz?
- Bu suala cavav verməyə hazır deyiləm. Hansısa fikir bildirsəm, bəlkə də düzgün olmaz. Bu, sizə yaxın olan bir sahədir. Dünən ilin futbolçusunu soruşdular, ona tam dəqiq cavab verəcəyəm (gülür).
- Reynaldonun "Qarabağ”da dönüşünün reallaşdığını demək olar?
- Hələ tam yox. O, Bakıdadır, tibbi müayinədən keçəcək. Sabah görüşümüz olacaq, bundan sonra qəti qərar verəcəyik.
- Reynaldo əyləncəyə meylli oyunçudur. Yəqin ki, onunla bu barədə şərtiniz olar...
- Son vaxtlar əyləncəyə meylli olmuşdu və formasından uzaq idi. Bu cür danışığımız mütləq olacaq və müqavilə bağlasaq, bu məqam orada göstəriləcək. Məncə, belə hal olmamalıdır. Görüşdən sonra tam detallı cavab verəcəyəm.
- Qışda klubu tərk edən olacaq?
- Hər zaman transfer dönəmində belə hallar gözlənilir. Bizdə hazırda belə bir məlumat yoxdur. Ola bilər ki, hansısa futbolçumuzla maraqlansınlar və ya biz kiməsə baxaq. Həm gedən, həm də gələn ola bilər.
- Con Delarj "Qarabağ”da qalmağı düşünmədiyini söyləyib...
- Açığı, onunla söhbətim olmayıb. Ona görə də cavab verməyəcəyəm.
- Qış fasiləsindən sonra bütün diqqətinizi "Qarabağ”a yönəldəcəksiniz...
- Hər il gərgin mübarizə gedir. Məqsədimiz ildən-ilə daha yaxşı nəticə göstərmək olub. Hər işi peşəkar səviyyədə görməyə, iştirak etdiyimiz turnirdə maksimum nəticə qazanmağa çalışırıq. Avropa Liqası bitdi, qaldı Premyer Liqa və Azərbaycan Kuboku. Hər iki yarışda uğur qazanmağa səy göstərəcəyik.
- Rəşad Sadıqov Avropa Liqasında İngiltərə "Arsenal”ı ilə səfər matçında erməni təxribatına cavab verdiyi halda, Araz Abdullayevin səssiz qalması müzakirələrə səbəb oldu. Onun sakit dayanmasına necə şərh verərdiniz?
- Hansısa futbolçu haqda fikir bildirmək düzgün olmaz. Çünki bu, gözlənilmədən, ani olan bir şeydir. Futboçu reaksiya verməyib deyə, onun üzərinə getmək düzgün olmaz. Bəlkə, Araz heç onu tanımamışdı, əlindəkinin hansı bayraq olduğuna fikir verməmişdi. Kiminləsə vuruşmaq, kiminsə üzərinə getmək lazım olsa, heç bir azərbaycanlı geri addım atmaz. Bu, 6-8 saniyəlik hadisə idi. Orada hər bir insanın düşüncə qabiliyyəti ortaya çıxır. Ola bilər ki, Araz epizodu görmədi. O, kimdənsə qorxub qaçan, geri duran oğlan deyil.
- Qardaşınız Musa Qurbanovun "Zirə”nin prezidenti təyin olunacağı deyilir...
- Musa Qurbanov hazırda Zaqataladadır (gülür). Mən də eşitdim ki, belə bir şey yazılıb. Nəsə olsa, biləcəksiniz.
- İlin futbolçusu seçilən şəxsdən karyerasını Avropada davam etdirməsini istəyirlər. Artıq 9-cu ildir ilin ən yaxşı baş məşqçisi seçilirsiniz. Bəs, sizin Avropaya getmək planınız və ümumiyyətlə, təklif varmı?
- Bir azərbaycanlı kimi Azərbaycan futboluna xidmət etməyi çox istərdim. Bu gün buna, yerli məşqçilərin öz futboçularımızla işləməsinə daha çox ehtiyac var. Ciddi bir təklif yoxdur, olmayıb. Açığı, bu barədə düşünmürəm. Hər şeyə real baxmaq lazımdır. Desəm ki, "Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm - bu, düzgün olmaz. Bu kluba hörmətsizlik etmək istəmirəm. Klubda 11-ci ildir işləyirəm və həmişə sadiq olmağa çalışmışam. Ayrıldıqda da sadiq biri kimi bunu etmək istəyirəm.