"Sabah"ın futbolçusu Elşən Abdullayevin Sportnet.az-a müsahibəsi
- Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda da "Qəbələ"yə 0:1 hesabı ilə məğlub oldunuz və mübarizəni dayandırdınız. Oyun barədə nə deyə bilərsiniz?
- Cavab oyununa qələbə üçün çıxmışdıq. Sona kimi vuruşduq, qol vurmağa çalışdıq. Ən azı, istəyirdik ki, qarşılaşma əlavə vaxta getsin. İstəyimiz alınmadı. Çalışacağıq ki, çempionatın ikinci yarısında qələbələr qazanaq və üst pillələrdə yer alaq.
- Komanda son turlarda uğursuz nəticələr göstərir. Bunu nə ilə əlaqələndirirsiniz?
- Burada xüsusi bir səbəb görmürəm. Sadəcə, elə oyunlar olub ki, real qol imkanları əldə etmiş, lakin onları dəyərləndirə bilməmişik. Elə komandayıq ki, gərək əlimizə düşən fürsətlərdən maksimum yararlanaq. Qol şanslarını dəyərləndirib qələbə qazandığımız matçlar da olub. Əslində qabarıq bir problem görmürəm. Amma hər oyun çalışıb-vuruşuruq. 4-cü pilləni "Sabah" üçün qənaətbəxş saymaq olar.
- "Sabah"ın bu pillədə yer almasında rəqiblərin qeyri-sabit çıxışı rol oynayıbmı?
- Əlbəttə, rəqiblər də xal itirdi. Amma məncə, bizim də əziyyətimizi yerə vurmaq düzgün olmaz. Çünki hər matçda maksimum oynamağa çalışırıq. Bəzən rəqiblərimiz də zəif çıxış etdi. Bunu ön planda tutmazdım. Ən azı komanda olaraq çox çalışırıq.
- Belə bir fikirlər var ki, "Sabah"dakı bəzi oyunçular I Divizion səviyyəsindədir və Premyer Liqaya layiq deyillər. Bununla razılaşırsınızmı və heyət güclənməlidirmi?
- Üst pillələrdə yer almaq istəyiriksə, heyət güclənməlidir. Çünki rəqiblərimizin yaxşı oyunçuları var. Komandamızda çıxış edən hər kəsin oyununu yüksək qiymətləndirirəm. Ən azı onlar mənim komanda yoldaşlarımdır. Mən "Sabah"dakı oyunçuların I Divizion səviyyəsində olduğunu düşünmürəm. Bu heyətdəki oyunçularla çempionatın birinc hissəsini 4-cü pillədə başa vurmuşuq. Onları zəif saymıram.
- "Neftçi"də oynayanda sizi gələcək vəd edən futbolçulardan hesab edirdilər. Sonradan isə bir neçə klub dəyişdiniz. Qeyri-sabit çıxışınızı nə ilə əlaqələndirirsiniz?
- Düzdür, bunu qəbul edirəm. Amma ən böyük problemim zədə ilə bağlı idi. Zədələr yaxamı buraxmır. Şanssızlığı da qeyd etmək istəyirəm. Çalışacağam ki, zədələrdən uzaq olum və maksimum dərəcədə yaxşı çıxış edim. Adım yüksəklərdə qalsın.
- Bu mövsüm üçün "Sabah"ın stimulu nə olacaq? Komanda ölkə kubokunda mübarizəni dayandırıb. Bu mövsüm Premyer Liqada ilk çıxışı olduğu üçün avrokuboklara da qatıla bilməyəcək...
- Avrokuboklara getmirik, amma çalışacağıq ki, mövqeyimizi qoruyaq. Bunun üçün də bizə qələbə lazımdır. Çalışacağıq ki, axırıncı yerləri tutmayaq və yuxarılarda yer alaq.