"Bildiyiniz kimi, yanvarın 4-dən etibarən məşqlərimiz davam edir. Futbolçular qış fasiləsindən sonra istər-istəməz tam formada olmurlar, lakin, plana əsasən keçirilən məşqlərdən sonra yoxlama oyunu bizim üçün önəmli idi.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov yoxlama oyununda "Şüvəlan"ı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.
38 yaşlı mütəxəssis futbolçuların özlərini yaxşı cəhətdən göstərməyə çalışdıqlarını vurğulayıb: "Bu günki oyunda əsas istəyimiz hərəkətli oyun görmək idi. Yeni transferlərimizin hər üçü bu gün meydanda oldu. Yavaş-yavaş onlar da komandaya uyğunlaşır. Çalışırıq transferlərlə heyətimizi daha da gücləndirək. Bütün mövqelərdə futbolçular arasında rəqabətin olmasını istəyirik. Ümid edirəm ki, Antalya toplanışı ərzində bu məsələni həll etmiş olacağıq".