"Yeni ilə qələbə ilə başladıq. Bu, yoxlama oyunu olsa da, qələbə motivasiya cəhətdən yaxşı oldu".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Türkiyə "Eskişehirspor"una 1:0 hesabı ilə
qalib gəldikləri ilk yoxlama matçı barədə klubun rəsmi saytına danışarkən deyib. Gənc mütəxəssis oyun ərzində bəzi taktiki dəyişikliklərə əl atdığını bildirib: "
Son 10 günün fiziki hazırlıq məşqlərindən sonra düşünürdük ki, futbolçuların hərəsinə bir hissə şans verək. Lakin oyunun ilk hissəsində temp bir qədər aşağı oldu. Buna görə, bəzi futbolçulara bir hissədən də bir qədər artıq şans vermək qərarına gəldik. İlk hissədən sonra 1-i qapıçı olmaqla, 5 futbolçunu dəyişdik. Bəzi oyunçulara 15 dəqiqə daha şans verdik ki, daha çox məsafə qət eləsinlər. Fiziki cəhətdən tam mən istədiyim kimi olmasa da, hərəkətlilik var idi. Taktiki-texniki cəhətdən çatışmazlıqlar var. Bu da normal haldır. Çünki biz son 10 gündə yalnız fiziki hazırlıq üzərində məşq keçmişdik".
Əhmədov ikinci hissədə meydana daxil olmuş futbolçulardan kapitan Cavid İmamverdiyevin oyununu vurğulayıb: "İlk hissədə temp aşağı idi. Lakin fasilədən sonra meydana çıxan futbolçular oyuna rəng qatdılar. Xüsusilə, Cavid İmamverdiyevin oyununu qeyd edərdim. Fürsətlərimiz olsa da, istifadə edə bilmədik. Növbəti məşqlərdə bunun üzərində çalışacağıq”.