"Qəbələ" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, “qırmızı-qaralar” qonşu ölkədəki 3-cü hazırlıq matçında Macarıstanın MTK klubu ilə qarşılaşıb. Görüş Lara bölgəsindəki “Titanik” otelinin futbol meydanlarında baş tutub. Əlverişsiz hava şəraiti ilə əlaqədar matç nəzərdə tutulduğundan 20 dəqiqə gec başlayıb.
Hesabı macarıstanlılar açıb. Rəqib 2-ci dəqiqədə fərqlənib. “Qəbələ” fasilə ərəfəsində bərabərlik qoluna imza atıb. 40-cı dəqiqədə Cavid Hüseynov penalti zərbəsindən dəqiq istifadə edib. Oyunun fasiləsində və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qırmızı-qaralar”ın heyətində Rasim Ramaldanov, Roman Hüseynov, Qismət Alıyev, Asif Məmmədov, İlqar Qurbanov, Lalavele Atakora, Sabien Lilay meydana çıxıb. İkinci hissədə də öncə MTK qol sevinci yaşayıb. Qarşılaşmanın 74-cü dəqiqəsində rəqib qapısına yol tapan Lalavele Atakora hesabda tarazlıq yaradıb – 2:2. 5 dəqiqə sonra Sabien Lilay “Qəbələ”yə qələbə qazandıran qola imza atıb.
Beləliklə, “Qəbələ” 3 yoxlama oyununa çıxdığı Antalya toplanışını başa vurub. Bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə görüşən komanda sabah səhər saatlarında Türkiyəni tərk edərək Vətənə qayıdacaq.
---------------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” komandası bu gün son yoxlama oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, rəqib Macarıstan MTK-sı olacaq. Budapeşt təmsilçisi ilə görüş “Titanik” otelinin futbol meydanlarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Əsası 1888-ci ildə qoyulan Budapeşt təmsilçisi 131 illik zəngin tarixə malikdir. 23 dəfə Macarıstan çempionu olan MTK 12 dəfə ölkə kubokunu, 2 dəfə Superkuboku başı üzərinə qaldırıb. 1964-cü ildə isə budapeştlilər UEFA Kuboklar Kubokunun finalçısı olub. Ötən mövsüm aşağı liqada çempion olan MTK cari çempionatda yenidən yüksək dəstədə mübarizə aparır. 18 oyunda 27 xal toplayan komanda qış fasiləsinə 6-cı pillədə yollanıb. MTK Antalya toplanışında Azərbaycanın daha bir təmsilçisi "Sabah"la da qarşılaşıb və 1:3 hesabı ilə uduzub - 1:3.
Yoxlama oyunu
26 yanvar
19:00. “Qəbələ” – MTK (Macarıstan) - 3:2
Qollar: Cavid Hüseynov, 40 (p.). Lalavele Atakora, 74. Sabien Lilay, 79
Lara, “Titanik” otelinin meydançaları
"Qəbələ"nin start heyəti: 22. Dmitri Bezotosnı, 2. Amin Seydiyev, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (K), 17. Ceyms Adeniyi, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 99. Davit Volkovi
Ehtiyat oyunçular: 35. Murad Popov, 30. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 21. Lalavele Atakora, 88. Sabien Lilay
Qeyd edək ki, “Qəbələ” bunadək Antalyada 2 yoxlama oyununda qüvvəsini sınayıb. Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə görüşən “qırmızı-qaralar”ın “Fakel”lə (Rusiya) matçı əlverişsiz hava şəraiti üzündən ləğv olunub.