
Futzal üzrə FIFA referisi Hikmət Qafarlı dünya çempionatının Avropa zonası üzrə ilkin mərhələsinin iki oyununu idarə edəcək.
Sportnet.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Qafarlı əvvəlcə yanvarın 30-da keçiriləcək Bolqarıstan - Monteneqro oyununda iş başında olacaq. O, qarşılaşmanın ikinci hakimi kimi ədalət prinsiplərini qoruyacaq. Görüşün birinci hakimi Kostas Nikolaou (Kipr), üçüncü referisi isə Daniele Dadamo (San Marino) olacaq.
Qafarlı bir gün sonra keçiriləcək Monteneqro – Hollandiya oyununda isə birinci hakim funksiyasını yerinə yetirəcək. Ona ikinci hakim kimi Xavier Moreno Reina (ispaniya) və üçüncü hakim qismində Kostas Nikolau (Kipr) kömək edəcək. Üçüncü oyunla bağlı təyinatlar hələ açıqlanmayıb.
Qeyd edək ki, bu qrupun oyunları Bolqarıstanda keçiriləcək. Yekunda ikinci pilləni tutacaq komanda əsas mərhələdə Azərbaycanla eyni qrupda mübarizə aparacaq.