“Neftçi” və “Qarabağ” adına layiqli oyun oldu. Azarkeşlər iki komandanın ifasında baxımlı futbol görə bildilər”.
Sportnet.az xəbər verir ki, bunu “Report”a “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov “Qarabağ”la səfərdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur oyununu şərh edərkən deyib. 24 yaşlı hücumçu digər sualları da cavablandırıb...
- Azərbaycan derbisində qeydə alınan nəticə komandanızın liderliyini davam etdirməsinə imkan verdi. Heç-heçəni ədalətli saymaq olar?
- Bəli, yekun hesab ədalətlidir. Hər iki komanda yaxşı oynadı. Qalib də gələ bilərdik, uduza da. Həm rəqibin, həm də bizim qol şanslarımız vardı. Ancaq istifadə edə bilmədik.
- Bərabərlik daha çox "Qarabağ"a sərf etdi, yoxsa "Neftçi"yə?
- Hər iki komandanın qalib gəlmək imkanı olduğunu nəzərə alsaq, 1 xalın həm “Neftçi”, həm də “Qarabağ” üçün qazanc olduğunu düşünürəm. Oyun tərəflərdən birinin aşkar üstünlüyü ilə keçmədi deyə, kiminsə 2 xal itirdiyini deyə bilmərəm.
- Yeni legionerləriniz barədə nə deyə bilərsiniz?
- Fasilə ərzində Mamadu Mboc, Mamadu Kane, Vangelis Platellas və Canluka Sansone transfer olunub. Hamısı yüksək səviyyəli oyunçulardır. Mboc müdafiəçi olmasına rəğmən, debütdə qol da vurdu. Onların komandamız üçün faydalı olacaqlarını düşünürəm.
- İtaliyalı hücumçu Sansone sizinlə eyni mövqedə çıxış edir. Onun komandaya cəlb edilməsi üzərinizdə təzyiq yaratmır?
- Onun gəlişi üzərimdə təzyiq yox, məsuliyyət yaradır. Bu da çox gözəl haldır. Komandada rəqabət olmalıdır. Belədə öz oyunuma daha çox fikir verib, daim start heyətindəki yerimi qoruya bilərəm.
- “Qarabağ”a keçə biləcəyinə dair xəbərlər var. Nə dərəcədə doğrudur?
- Bu, şayiədən başqa bir şey deyil.