"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandası heyətinə 3 futbolçu cəlb edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Elbrus Məmmədov klubun rəsmi saytına açıqlamasında bildirib. O deyib ki, heyətə yeni qoşulanlar Ricat və Qara Qarayev qardaşları, eləcə də "Qarabağ"dan icarəyə götürülmüş İbrahim Əliyevdir. Bundan başqa, akademiyanın yetirməsi Əli Kərimov hərbi xidmətini başa vuraraq "Sumqayıt"ın düşərgəsinə qayıdıb.
Əvəzində qapıçı Məhərrəm Məmmədli ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Yarımmüdafiəçi Nazim Bağırov isə hazırda Latviya klublarının birində baxışdadır. O da komandadan ayrılan futbolçuların siyahısındadır.
Qeyd edək ki, "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandası I Divizionda mövsümün ilk yarısını lider kimi başa vurub. Komandanın 13 oyundan 30 xalı var.