Seymur TURAN
Rəhmətlik Böyükağa Hacıyevin maraqlı fikirlərindən biri idi bu: "Sağa keçəndə də qapazlayıram, sola keçəndə də".
Hacıyev həmin vaxt "Neftçi"nin baş məşqçisi, dediyi sözlərin ünvanı isə hazırkı "Keşlə"nin sələfi "İnter" idi. O zamanlar "İnter" indiki "Keşlə"dən qat-qat iddialı idi. Amma mərhum baş məşqçi bu komandaya həqiqətən də qənim kəsilmişdi. "İnter"in sabiq prezidenti Georgi Nikolov isə bu sözü daha mədəni formada ifadə edərək, "abunəçi" ilə əvəzləmişdi.
Bu gün yenidən üz-üzə gələcəklər. "Bakcell Arena"da "Neftçi" "Keşlə"ni qəbul edəcək. Vaxtilə Hacıyevin rəhbərliyi altında çalışmış Tərlan Əhmədov indi "qapazaltı" komandanın sükanı arxasında ötən mövsüm bürünc medal qazandırdığı flaqmanla qarşılaşacaq. Həmin flaqmanla ki, yenə liderdir, Əhmədovun özü isə sonuncu olmamaq üçün mübarizə aparan kollektivin sükanı arxasındadır. "Neftçi" bu mövsüm "Keşlə"ni səfərdə 2:0, evdə 2:1 hesabı ilə məğlub edib. "Ağ-qaralar" son 6 ev oyunundan qalib ayrılıb.
Daha bir "qapazaltı" komanda da var. Bu, debütant "Sabah"dır. Elşad Əhmədovun baş məşqçi olduğu kollektiv son 9 oyunda cəmi 1 qələbə və 1 heç-heçə ilə kifayətlənib. Qalan 7 görüşdə uduzublar. Ən pisi isə odur ki, "Sabah" qısa müddətdə "Qəbələ"nin "qapazaltı"sına çevrilib. "Qırmızı-qaralar" bu komandaya ilk dövrədə 0:1 hesabı ilə uduzduqdan sonra ardıcıl 4 dəfə qalib gəliblər. Bunlardan ikisi Azərbaycan Kubokuna təsadüf edib ki, hər iki matçda minimal hesablı qələbə qeydə alınıb. Çempionat qarşılaşmalarında isə son iki dövrənin oyunları 2:1 və 1:0 hesablı üstünlüklərlə tamamlanıb.
"Sabah"ın "Qəbələ" üçün "qapazaltı" imici klub rəhbərliyini narahat etməyə bilməz. Hər nə də olsa, bir komandaya 3 ay ərzində 4 dəfə uduzmaqmı olar? Elşad Əhmədov və komandası hara baxır? Ümidləri 36 yaşlı Marko Deviçə idi, o da bunları məyus etdi. Adam iki oyundur simulyasiyaya yol verir. Ötən tur FIFA referisi Rauf Cabbarovu "Zirə"nin futbolçusu Vüqar Mustafayevə qırmızı vərəqə göstərməyə vadar etmişdi. Mustafayevə kobudluq etdikdən sonra guya onun zərbəsindən yerə yıxıldığı görüntüsünü yaratmaqla. Qapaz yemək gücünə də olsa, istəyinə nail olmuşdu. Bu tur isə elə "Qəbələ"dəki həmyerlisi Dmitri Bezotosnı ilə təkbətəkdən sonra özünü yerə yıxıb penalti qazanmaq istədi. Amma onun xislətindən hətta gənc referi Səbuhi Bayramov da xəbərdar idi. Simulyasiyaya yol verən Deviçi ikinci sarı vərəqə ilə meydandan qovduğu üçün Bayramova alqış düşür. Görək, "Sabah" növbəti tur "Səbail" önündə nə edəcək?
Hər il fevralın 11-də vergi işçilərinin peşə bayramı qeyd olunur. Bu münasibətlə Prezident İlham Əliyev Vergilər Nazirliyinin bir qrup əməkdaşını mükafatlandırıb, vergilər naziri Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi təqdim edib. "Sabah"ın Cabbarova yaxın klub olduğu heç kimə sirr deyil. Hətta nazir imkan tapdıqca komandanın oyunlarını "Əlincə Arena"da canlı izləyir. Ötən gün onun fəxri tribunada olub-olmadığını deyə bilmərik. Amma istənilən halda, "Sabah"ın Cabbarova belə "hədiyyə"si heç də xoş addım sayıla bilməz.
Özünüzü "qapazaltı" olmağa öyrəşdirməyin. Premyer Liqaya bunun üçünmü gəlmisiniz? Qapazaltı olmasın, "abunəçi" olmaq istəyirsinizsə, hansısa kluba yox, qəzetlərə abunə yazılın. Qoymayın qəzetlərimiz bağlansın...