"Qəbələ"nin kapitanı Cavid Hüseynov səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra brifinq keçirib. Komandasının yeganə qolunun müəllifi olan 31 yaşlı yarımmüdafiəçi Sportnet.az-ın suallarını da cavablandırıb...
- Çox aqressiv və sərt oyundan sonra özünüzü necə hiss edirsiz? Yorulmusuz?
- Əlbəttə, yorulmuşuq. Mən də daxil olmaqla, bütün komanda çox əziyyət çəkdi. İstəyərdik ki, bunun bəhrəsini görək, amma alınmadı. Deyəcək söz yoxdur.
- Ceyms Adeniyi bəzi epizodlarda qapını görsə də, zərbə vurmurdu sanki. Bu, nə ilə əlaqədar idi?
- Başqa nəsə düşünmək istəmirəm. Komanda daxilində bu matçın analizini hələ aparmamışıq. Bilmirəm niyə belə edib, amma soruşub öyrənəcəyik.
- Sizcə, hesab matçın ədalətli nəticəsi idi?
- Ədalətli nəticə deyəndə ki, biz uduzmaq istəmirdik. Düşünürəm ki, heç-heçə daha yaxşı nəticə olardı. Bir az daha diqqətli olsaydıq, bunu da əldə edə bilərdik.
- Qışdan sonra özünə gələn “Qəbələ” yenidən məğlub oldu...
- İstəməzdik təbii ki, amma “Qarabağ”a uduzmuşuq da, burda nə var ki? Özünüz də necə mübarizə apardığımızı gördünüz.
- İkinci qolu çox tez buraxdınız. Nə baş verdi orda?
- Cavab qolundan bir dəqiqə sonra məyus olduq. Ani konsentrasiya itkisinin nəticəsi belə oldu. Bəlkə də ilk hissə bərabərliklə başa çatsaydı, ikinci hissətamam fərqli ssenari olardı.
- Penalti epizodları haqqında nəsə deyə bilərsiniz?
- Nəsə desəm, yalan olar. Kənardan baxanlar daha yaxşı görür.
- Volkovi sanki əvvəlki iki oyunda daha aktiv görünürdü. Bu dəfə kölgədə qalmışdı...
- Hələ Azərbaycana yeni gəlib, “Qarabağ”a qarşı da ilk oyunu idi. Özünü göstərə bilmədi. Amma o demək deyil ki, oynaya bilmir.
- Əvvəlki illərdə çempionluq uğrunda mübarizə aparan “Qəbələ” var idi. Amma bu il sizi o mövqelərdə görə bilmirik...
- Biz heç də pis oynamırıq. Sadəcə əvvəlki illərdə büdcə baxımından daha inamlı görsənirdik. Amma bugünkü halda büdcə aşağı olsa da, heç də zəif sayılmırıq.
- Əvvəlki illərlə müqayisədə büdcə çox azalıb?
- Kifayət qədər azalıb. Bu, mübarizə əzmimizə mane olmur, amma təsiri də az deyil.
- Millidə artıq yeni baş məşqçisi var, özünüzü milliyə hazır sayırsınız?
- Bütün oyunları izləyir, kimi layiq bilsə, onu da çağıracaq.