Rusiya Premyer Liqasında çıxış edən əslən azərbaycanlı futbolçular yaxın vaxtlarda legioner statusundan azad edilməyəcəklər.
Sportnet.az-ın məlumatına görə, Rusiya Futbol İttifaqı (RFS) yalnız milliyyətcə Avrasiya İttifaqına üzv ölkələrə məxsus oyunçulara belə bir güzəşt tətbiq etmək niyyətindədir. Bu barədə TASS-a hazırda RFS prezidenti səlahiyyətlərini icra edən Rusiya Premyer Liqasının (RPL) rəhbəri Sergey Pryadkin açıqlama verib.
Avrasiya İttifaqına Rusiya ilə yanaşı, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan üzvdür. Azərbaycan isə bu quruma üzvlükdən imtina edib.
Qeyd edək ki, hazırda Rusiya Premyer Liqasında əslən azərbaycanlı futbolçulardan Azər Əliyev "Ufa"da, Ayaz Quliyev isə "Spartak"da çıxış edir. "Krılya Sovetov" formasını geyinən milli üzvü Ramil Şeydayev həm də Rusiya pasportuna malikdir. Əliyevlə Quliyevin Azərbaycan yığmasına gəlişinə mane olan problemlərdən biri də məhz onların Rusiyada legioner sayılaraq, əsas heyətdə yerlərini itirə biləcəkləri təhlükəsidir.