
"Məqsədimiz o idi ki, ilk hissədə nümayiş etdirdiyimiz futbolu bütün matç ərzində edək. Görüləşəcək iş çoxdur. İlk yarıda indiyə qədər ən yaxşı futbolumuzu oynadıq".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssisin sözlərinə görə, ötən tur "Neftçi" ilə qolsuz heç-heçə etdikəri görüşdən nəticə çıxarıblar. Baş məşqçi son pillədən qurtulmalarına sevindiklərini, amma hədəflərinin avrokuboka düşmək olduğunu vurğulayıb: "Son pillədə olsaydıq belə, hədəf avrokuboka düşməkdir. "Zirə" sonuncu yerdə olmağa layiq deyildi. Düşdüyüm mühitdən həddindən razıyam. Həm çempionat, həm də kubok vasitəsi ilə avrokuboka düşmək istəyirik. Heyətimiz də buna imkan verib".
S.Abasov "Son pillədə olmağa hansı komanda layiqdir" sualına belə cavab verib: "Kimin layiq olub-olmadığını siz seçin, püşk atın. Bəziləri liqaya təzə çıxıb. Nə yatıblar ki, nə də yuxu görələr. İstəmirəm bu sözümü şişirdib, köşə mövzusu edəsiniz. Bunları ilin sonunda mükafat almaq üçün demirəm".