AFFA-nın baş katibi Elxan Məmmədov istefa verməməsinin səbəblərini açıqlayıb.
Sportnet.az xəbər verir ki, milli assosiasiya rəsmisi CBC Sport-a açıqlamasında postunu tərk etməsinin hüquqi və praktiki tərəflərinin olduğunu bildirib. Onun sözlərinə görə, AFFA ilə müqaviləsinə xitam verilməsi qurumun İcraiyyə Komitəsinin və prezidentinin səlahiyyətindədir: "Rəhbərlik düşünsə ki, müqaviləyə xitam verilmə vaxtıdır, mən qərara hörmətlə yanaşaraq, dərhal icra edərəm. Futbola heç nə gətirə bilmədiyimi düşündükləri vaxt bunu edəcəklər. Bu, istefamın hüquqi tərəfidir. Praktiki cavab isə ondan ibarətdir ki, özüm futbolla yaşayan insanam. 6-7 yaşımdan futbola azarkeşlik edirəm, üstəlik, ilk təhsilim menecment, ikinci təhsilim idman idarəetməsi ilə bağlıdır. Aldığım təhsil, tutduğum vəzifə və futbola olan azarkeşliyim bir yerdə cəmləşib. Düşünürəm ki, məsuliyyətim, irəlidə müxtəlif layihələr var. Onları mütləq yerinə yetirməliyəm və edəcəyəm. Hər gün işə böyük həzz, arzu, sevgi, müsbət emosiyalarla gəlirəm. İşə arzusuz və həvəssiz gəldiyim bir gün olsa, həmin işdə qalmayacağam. Bu idman növünü çox sevirəm və düşünürəm ki, hər bir şəxsin fundamenti sağlamlıqdan asılıdır. Hamımız idmanın təbliğatını aparmalıyıq. Futbol isə bunun ən gözəl yoludur".
Sonda E.Məmmədov "Niyə istefa vermirsiniz?" sualını ünvanlayanlara zarafatla da cavab verib: "Kim bu sualı verirsə, yəqin ki, AFFA-nın baş katibi olmaq istəyir".