"Zirə"nin futbolçusu Bilal Həmdinin evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Baş məşqçi Samir Abasov dedi ki, Bilal Həmdinin yoxluğunda əziyyət çəkirik. Həkimlər isə az oynamağına icazə vermişdilər. Bəs özün meydanda olduğun vaxtı necə dəyərləndirirsən?
- Meydana daxil olmamışdan əvvəl baş məşqçi tapşırdı ki, çalış xəttə yaxın oyna və rəqib komandanın kompaktlığını poz. Sürətli əks-hücuma çıx, cinahları aktiv saxla. Zədəli olduğum üçün 90 dəqiqə oynaya bilmədim, amma çalışdım ki, komandama yardımçı olum.
- Maraqlıdır ki, cinahdan ötürmə verərkən cərimə meydançasında kimisə hədəf alıb atırsan...
- Təbii ki, təsadüfə ümid edib ötürmə vermirəm. Top itkisini sevmirəm, buna görə də cinahdan ötürmə imkanı yaranan kimi başımı qaldırıb cərimə meydançasına baxıram, ondan sonra ötürmə verirəm. Belə bir şans olmayanda isə topun komandamda qalmasına çalışıram.
- Bu gün də ötürməni İsmael Fofananı görüb atmışdın?
- Qapıçı ilə rəqib müdafiəçi arasında kiçik bir zona gördüm, topu mümkün qədər möhkəm zərbə ilə ora atmağa çalışdım ki, komanda yoldaşım toxuna bilməsə də, rəqibə dəyib avtoqol olsun.
- “Zirə” 4-cü pillədə qərarlaşmış “Qəbələ” ilə aradakı xal fərqini azalda bilmədi. Növbəti oyunlarda bu fərqi qapada biləcəksiniz?
- Növbəti matçımız “Qarabağ”a qarşıdır. Bu, çox asan gəlməsin. Amma düşünürəm ki, bizim də keyfiyyətli oyunçularımız var. Çalışacağıq ki, lazımi nəticəni qazanaq.