Bu gün "Neftçi”nin veteran futbolçusu, U-16 komandasının baş məşqçisi Mirbağır İsayevin 45 yaşı tamam olur.
Sportnet.az xəbər verir ki, 1974-cü ildə dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 1993-1995-ci illər ərzində "Neftçi”nin heyətində 58 oyun keçirib, 1995-ci ildə Azərbaycan kubokunun və Superkubokunun qalibi olub.
İsayev yubiley günündə çalışdığı klubun rəsmi saytının suallarını cavablandırıb...
- Bu anadək ən yaddaqalan doğum gününüz hansı olub?
- 5 il bundan öncə mən U-17 milli komandasının baş məşqçisi olanda doğum günümü birlikdə bazada qeyd etdik. Həmin vaxt Avropa çempionatının seçmə mərhələsinin elit-raunduna hazırlaşırdıq.
- Ən böyük hədiyyə?
- Ən böyük hədiyyə elə o idi. Ümumiyyətlə, fikrimcə, hər kəs üçün ən böyük hədiyyə ona verilən dəyərdir, onun iş başında olmasıdır.
- Bu günü necə qeyd edəcəksiz?
- "Dalğa Arena”da məşqimiz olacaq, sonra evə gedəcəm. Bu günü doğmalarımla keçirəcəm.
- Bu, bir ənənədir?
- Xeyr, məndə doğum gününə aid heç bir ənənə yoxdur. Yaşın üstünə yaş gəlir, vəssalam. Çox sağ olun ki, məni unutmamısız. Bütün "Neftçi” klubuna minnətdaram.