Rusiyanın paytaxtı Moskvadakı “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi” fəaliyyətə başlayıb.
Sportnet.az xəbər verir ki, Azərbaycanın turizm potensialı və yeni turizm məhsullarının təqdim olunduğu sərgidə bu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqası finalı ilə də bağlı xüsusi stend quraşdırılıb.
Stenddə final oyununa dair digər məlumatlarla yanaşı, Avroliqanın rəsmi kuboku da nümayiş etdirilir.
Qeyd edək ki, Avropa Liqasının kuboku bu mövsüm ilk dəfə martın 3-də Bakıda keçirilmiş şou xarakterli oyunda ictimiyyətə nümayiş olunub. Məşhur futbol ulduzlarının iştirakı ilə keçirilmiş həmin oyundan əvvəl portuqaliyalı futbol ulduzu Deku kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib. Baş mükafat Bakıdan sonra İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə sərgilənib. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa qədər kubok qitənin müxtəlif şəhərlərində təşkil ediləcək tədbirlərdə nümayiş olunacaq və final qarşılaşması ərəfəsində yenidən Bakıya gətiriləcək.
Qeyd edək ki, hazırda kubokun sərgiləndiyi “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi” martın 14-dək fəaliyyət göstərəcək.