“Xorvatiya seçmə mərhələdə tam heyətlə iştirak edəcək. “Real Madrid”dən Luka Modriç, “Barselona”dan İvan Rakitiç kimi oyunçularla qarşılaşmaq hər bir futbolçunun karyerasında əsas məqamdır. Onları yalnız televizorda görmək olar”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Dimitri Nazarov AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiya yığması ilə səfər oyunu haqda “Freie Presse” portalına danışarkən deyib. Almaniyanın II Bundesliqasında “Aue”nin formasını geyinən forvard son vaxtlar klubunda az oynayır. Buna rəğmən, 29 yaşlı hücumçu Xorvatiya ilə görüşdə meydanda daha çox olacağına ümid bəslədiyini bildirib: “Gözləntim daha çoxdur, çünki klubda 5 dəqiqədən bir az çox oynayıram. Milli və 2-ci liqanın matçları arasında fərq böyükdür”.
Nazarov bu mövsüm II Bundesliqada cəmi 3 oyunda start heyətdə yer alıb. Sonuncu dəfə isə bu, ötən ilin noyabrına təsadüf edib. Qış fasiləsindən sonra cəmi 5 matça çıxan təcrübəli yarımmüdafiəçi hər dəfə meydanda 20 dəqiqə olub. Futbolçu "Aue"də hazırkı durumunu belə dəyərləndirib: "Futbolda günəş hər zaman parlamır, hərdən yağış da olur. Bax, bir müddətdir yağış yağırdı, indi isə qar, dolu və s. yağır".
"Aue" növbəti oyununu martın 15-də "Holşteyn"ə qarşı keçirəcək. Nazarov bu mövsüm ilk qolunu məhz bu komandaya vurub. Yarımmüdafiəçi meydanda olduğu qısa müddət ərzində qol vurmasının çətin olduğunu söyləyib: "Bu, xüsusən oyunun sonlarında çətindir. Çünki görüş həmin bölümdə daha gərgin keçir. 4 dəqiqə ərzində məndən heç kim nə isə gözləyə bilməz. Amma istəyimə çatmaq üçün əlimdən gələni edəcəyəm. Nağıllar danışmağıma gərək yoxdur. Meydanda olduğum müddətdən narazıyam".
Nazarovun "Aue" ilə müqaviləsi 2021-ci ilin yayınadəkdir. O, müqaviləsini 1,5 il əvvəl yeniləyib: "Sözləşməmi bilərəkdən vaxtından əvvəl uzatdım ki, "Aue"də nələrəsə nail olum. Hazırkı durumuma görə anlaşmamı pozmaq istəmirəm. Futbol hərdən çox sürətlidir. Digər klublardan təkliflər isə hər zaman var".
Qeyd edək ki, Xorvatiya ilə matç martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Litva ilə martın 25-də "Bakcell Arena"da keçiriləcək yoldaşlıq görüşü isə saat 18:00-da start götürəcək.