"Neftçi"nin futbolçusu Mamadu Mboc evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, komandasının qolunun müəllifi olan seneqallı müdafiəçi əvvəlcə oyunu dəyərləndirib...
- Qalib gəlmək istəyirdik, nəticə bizi qane etmədi. Əlimizdən gələn hər şeyi etdik ki, qələbə qazanaq. Amma alınmadı. Allah istədi ki, heç-heçə olsun. Səhvlərimizdən nəticə çıxartmalıyıq.
- Vurduğunuz qol maraqlı və gözəl alındı, amma qələbəyə yetmədi...
- Qola görə sevinirəm, amma bizə qələbə gətirsəydi, daha çox sevinərdim.
- Komandanız “Səbail”ə məğlub oldu, ardınca “Sumqayıt”a qalib gəlib, bu gün də heç-heçə etdiniz. Stabilliyin olmaması nə ilə əlaqədardır?
- Bu, sadəcə o deməkdir ki, Azərbaycan çempionatı güclü turnirdir və hər kəs bir-birindən xal ala bilər.
- Azərbaycanda oynadığınız qısa müddətdə üç qol vurmusunuz. Hansısa ölkədə belə uğurlu başlanğıcınız olmuşdu?
- Litvada ilk mövsümdə 6 dəfə fərqlənmişdim. Bura isə qol vurmaq üçün gəlməmişəm. Əgər qol vururamsa, deməli qismətimdə var. Əsas vəzifəm isə komandamın qol buraxmamasına yardım etməkdir.
- “Neftçi”yə qış fasiləsində keçdiniz. Adətən belə transferlərin adaptasiya problemi olur. Sizdə isə hər şey çox asan alındı...
- Haqlısınız, adaptasiya müddəti mənim üçün çox asan oldu. Çünki bütün komanda, eləcə də məşqçi və texniki heyət əlindən gələn hər şeyi etdilər ki, mən qısa müddətdə komandaya uyğunlaşım.
- Xəbəriniz var ki, son turda “Qarabağ”la qarşılaşacaqsız? Hər şey sona qalsa, sizin üçün necə olacaq? Deyəsən, “Jalqris”də çıxış edərkən son turda qol vurub komandanıza çempionluq qazandırmışdınız...
- Biz bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. Amma qismət olsa ki, hər şey son turda həll olunmalıdır, elə də olacaq.