AFFA Məşq Mərkəzində Azərbaycan milli komandasının Xorvatiyaya qarşı AVRO-2020-nin seçmə oyunu və Litva ilə yoldaşlıq görüşü üçün təlim-məşq toplanışı başlayıb.
Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesinin ilk günündə 23 futbolçudan 19-u iştirak edib. Legionerlərdən yalnız Rusiya "Krılya Sovetov"unda çıxış edən Ramil Şeydayev ilk gündən toplanışa gələ bilib. Qalan 4 legioner - Emil Balayev, Eddi İsrafilov, Dmitri Nazarov və Rüfət Dadaşov məşqlərə qarşıdakı günlərdən qoşulacaq.
Bu gün komanda ilə AFFA prezidenti Rövnəq Abdullayev görüşüb. Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun da qatıldığı görüşdə yığmaya uğurlar arzulanıb, müvafiq tövsiyələr verilib. Komanda adından çıxış edən Maksim Medvedev etimadı qarşıdakı seçmə tsikldə etimadı doğrultmaq üçün əllərindən gələni edəcəklərini bildirib.
Qeyd edək ki, Azərbaycan millisi Zaqrebə martın 19-da yollanacaq və bundan 2 gün sonra "Maksimir" stadionunda Xorvatiya ilə görüşəcək. Litva ilə qarşılaşma isə martın 25-də "Bakcell Arena"da olacaq.