
İspaniya Sequndasında çıxış edən "Alkorkon" klubu XXX turun oyununda "Tenerife"ni sınağa çəkib.
Sportnet.az-ın məlumatına görə, "Santo Dominqo" stadionda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahibləri 30-cu dəqiqədə Esteban Burqosun qolu ilə hesabda önə çıxsalar da, 76-cı dəqiqədə qonaq komandadan Nano bərabərlik topunu vurub.
"Alkorkon"da çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov meydana 71-ci dəqiqədə daxil olub. O, 84-cü dəqiqədə sarı vərəqə alıb.
Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Alkorkon" 10-cu pillədə qərarlaşıb. "Tenerife" isə 33 xalla 16-cı yerdə gedir.
Qeyd edək ki, Eddi İsrafilov uzun fasilədən sonra Azərbaycan millisinə dəvət alıb. O, Zaqrebdə Xorvatiyaya qarşı martın 21-də keçiriləcək AVRO-2020-nin seçmə matçı və Bakıda Litva ilə yoldaşlıq görüşü üçün təlim-məşq toplanışına çağırılıb.