Azərbaycan millisindən zədəli olduğu üçün ayrılan "Sumqayıt" klubunun yarımmüdafiəçisi Aleksey İsayevin əvəzinə yeni oyunçu çağırılmayacaq.
Yığmanın baş meneceri Zaur Hacı-Məhərrəmovun Sportnet.az-a verdiyi məlumata görə, baş məşqçi Nikola Yurçeviç qarşıdakı oyunlara hazırlığı 22 futbolçu ilə davam etdirməkdə problem görmədiyini bildirib.
Baş menecer İsayevin topuğundan zədə aldığını diqqətə çatdırıb: "Rentgen müayinəsindən sonra Alekseyin bir həftəyədək meydana çıxa bilməyəcəyi məlum oldu. Bu isə Xorvatiya və Litva ilə oyunlarda iştirak edə bilməyəcəyi anlamına gəlirdi. Ona görə də futbolçunun öz klubuna göndərilməsi məqsədəuyğun sayıldı".
Qeyd edək ki, Azərbaycan millisi səfərdə Xorvatiya ilə martın 21-də AVRO-2020-nin seçmə oyununda üz-üzə gələcək. Litva ilə qarşılaşma isə martın 25-də Bakıda olacaq.