AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya - Azərbaycan matçına təyinat alan Georgi Kabakov ikinci dəfə Azərbaycan komandasının matçını idarə edəcək.
Sportnet.az xəbər verir ki, 2013-cü ildən FIFA referisi olan 33 yaşlı hakim Çempionlar Liqasında 2015-2016 mövsümünün II təsnifat mərhələsində "Qarabağ"ın Monteneqroda "Rudar"la matçını idarə edib. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Bu oyunda meydan sahiblərində üç futbolçu sarı vərəqə alıb.
Kabakov son olaraq fevralın 14-də Belçikada "Brügge" və "Zalsburq" (Avstriya) komandaları arasındakı görüşü idarə edib. Meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi matç Kabakovun karyerasında 44-cü beynəlxalq oyun olub. Bu oyunlarda bolqarıstanlı referi meydan sahiblərinin və "gəlmələr"in lehinə 4 penalti təyin edib, yerli komandadan 5, qonaq komandadan 8 oyunçunu meydandan qovub.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.