
Fransanın PSJ klubu heyətini gəncləşdirməyə qərar verib.
Sportnet.az-ın AS nəşrinə istinadən məlumatına görə, Paris təmsilçisi yayda müqaviləsi bitəcək 41 yaşlı qapıçı Canluici Buffon və 35 yaşlı müdafiəçi Dani Alveslə vidalaşacaq. Habelə, 34 yaşlı müdafiəçi Tyaqo Silvanın göndərilə biləcəyi vurğulanır. Daha əvvəl hücumçu Edinson Kavaninin də komandadan ayrılmasının mümkünlüyü yazılıb.
Əvəzində PSJ İspaniya "Atletiko"sunun hücumçusu Antuan Qrizmannı transfer etməyi hədəfləyib. Rəhbərlik bu variantı Neymar və ya Kilian Mbappe klubu tərk edəcəyi halda nəzərdən keçirir.
Hər iki komanda Çempionlar Liqasında mübarizəni 1/8 final mərhələsində dayandırıb. Bundan sonra PSJ heyətdə islahatlar aparmaq, Qrizmann isə "Atletiko"dan getmək fikrinə düşüb. Fransalı hücumçu bu mövsüm 39 oyuna 18 qol vurub və 8 məhsuldar ötürmə verib.