
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, İngiltərədə "Tottenhem" Hollandiya "Ayaks"ını qəbul edib. Londondakı "Tottenhem Hotspur" stadionunda təşkil olunmuş görüş meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1. Yeganə topu 15-ci dəqiqədə Donni van de Beek vurub.
Bununla da "Ayaks" "pley-off"da ardıcıl üçüncü səfər qələbəsini qazanaraq, növbəti sensasiyaya imza atıb. Amsterdam komandası daha əvvəl 1/8 finalda "Real Madrid"i İspaniyada 4:1, 1/4 finalda isə "Yuventus"u İtaliyada 2:1 hesabı ilə yenib.
Qeyd edək ki, "Ayaks" və "Tottenhem" arasında cavab görüşü mayın 8-də keçiriləcək. Yarımfinal mərhələsinin daha bir ilk oyunu bu gün İspaniyada "Barselona" və İngiltərə "Liverpul"u arasında olacaq.
----------------------
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk qarşılaşma İngiltərənin paytaxtı Londonda olacaq. "Tottenhem" doğma meydanda Hollandiya "Ayaks"ının müqavimətini qırmağa çalışacaq.
Londonlular 1/4 finalda İngiltərənin digər təmsilçisi "Mançester Siti"ni, "Ayaks" isə İtaliyanın "Yuventus" kollektivini mübarizədən kənarlaşdırıb.
Meydan sahibləri bu görüşdə bəzi aparıcı futbolçularının xidmətindən yararlana bilməyəcək. Serj Orye, Mussa Sissoko və Harri Keyn zədə səbəbindən meydana çıxmayacaq. Son Xın Mın isə cəzalı olduğu üçün bu matçı buraxacaq. Harri Vinks və Erik Lamelanın isə durumuna oyun vaxtı aydınlıq gələcək.
Qonaqlarda isə üç futbolçunun oynamayacağı dəqiqdir. Karel Eytinq, Hassan Bande və Vatslav Çerni zədəlidir. Nussair Mazrauinin isə matçda iştirakı sual altındadır. Komandalar arasındakı cavab oyunu mayın 8-də olacaq.
Qeyd edək ki, yarımfinalın digər oyunu mayın 1-də olacaq. "Barselona" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edəcək.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. “Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya) - 0:1
Qol: Donni van de Beek, 15
Baş hakim: Antonio Migel Mateo Laos (İspaniya)
London. “Tottenhem” stadionu