Rusiyanın "Spartak" klubunun azarkeşi Viktor Lobanov sevgilisi Darya ilə Moskva "Spartak"ının ev oyunlarını keçirdiyi "Otkrıtiye Arena"da evlənib.
Sportnet.az-ın Moskva merinin rəsmi saytına istinadən məlumatına görə, belə bir toy şəhər rəhbərliyinin təşəbbüsü ilə gerçəkləşib. Meriya cütlüklərə paytaxtın 20 müxtəlif məkanında nikah bağlamaq imkanı yaradıb. Azarkeş toyu üçün stadionu seçməsini uşaqlıqdan "Spartak"a azarkeşlik etməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, belə bir şans hər adama verilmir: "Bu imkanı əldən vermək olmazdı. Darya futbola neytral yanaşsa da, mənzili "qırmızı-ağ" rənglərə və bayraqlara boyanıb. O, təklifə etiraz etmədi. Əsinə, belə qeyri-adi yerdə toy etmək özünə də maraqlı idi".
Qeyd edək ki, bir neçə il əvvəl Bakı Olimpiya Stadionunun toy mərasimləri təşkil etməyə hazır olduğu açıqlanıb. Lakin hələ də bu arenada belə tədbir keçirilməyib.