Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Kapital Bank Arena"da "Sumqayıt" debütant "Sabah"ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 49-cu dəqiqədə Əmir Ağayev vurub.
Bununla da "Sumqayıt" xallarını 26-ya çatdıraraq, Premyer Liqada qalmağı təmin edib. 27 xala malik "Sabah" 6-cı pilləyə enib. 20 xalla sonuncu olacağı rəsmiləşən "Keşlə" isə əsasnaməyə görə, elitanı tərk edib.
-----------
Azərbaycan Premyer Liqasının bütün medalçıları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, XXVII turun "Qarabağ" - "Səbail" və "Qəbələ" - "Neftçi" matçlarının yekununda məlum olub. Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada "Səbail"ə 3:0 hesabı ilə qalib gələrək, ardıcıl 6-cı, ümumilikdə 7-ci çempionluğunu rəsmiləşdirib. Hesabı 21-ci dəqiqədə künc zərbəsindən sonra Miçel açıb. 42-ci dəqiqədə Mahir Mədətov Araz Abdullayevin ötürməsindən sonra fərqi artırıb. 69-cu dəqiqədə Mədətov "Səbail"in qapıçısı Elxan Əhmədovun səhvindən yararlanıb. 87-ci dəqiqədə isə o, "het-trik" edərək, yekun nəticəni müəyyənləşdirib.
"Səbail" isə böyük hesablı məğlubiyyətə rəğmən, tarixində ilk dəfə 3-cü yeri tutub. Buna paralel matçda "Qəbələ"nin "Neftçi"yə 1:3 hesablı məğlubiyyəti səbəb olub. Qəbələ şəhər stadionundakı görüşdə hesabı 26-cı dəqiqədə Mamadu Mboc açıb. 71-ci dəqiqədə Baqali Dabo keçmiş komandasını məyus edərək, qollarının sayını 13-ə çatdırıb. 84-cü dəqiqədə Rauf Əliyev "Qəbələ"nin təsəlli qolunu vursa da, 90-cı dəqiqədə Dabo penaltidən yararlanaraq, qollarının sayını 14-ə çatdırıb və Mahir Mədətovla birgə şərikli lider olub.
Bu nəticələrdən sonra xallarını 63-ə çatdıran "Qarabağ" qızıl, 58 xala malik "Neftçi" gümüş, 41 xalı olan "Səbail" isə bürünc medalları təmin edib. 2019-2020 mövsümündə "Qarabağ" Çempionlar Liqasında, "Neftçi" və ilk dəfə "Səbail" komandaları Avropa Liqasında mübarizə aparacaqlar. Çempionatı 36 xalla 4-cü pillədə başa vuran "Qəbələ" isə Azərbaycan Kubokunun finalında "Sumqayıt"a uduzsa, avrokuboklardan kənarda qalacaq. Bu halda, "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə qitəmiqyaslı yarışlarda çıxış edəcək.
---------------------------
Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Keşlə" "ASK Arena"da "Zirə" komandasını qəbul edib. Görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 27-ci dəqiqədə açılıb. Xulio Sezar Rodriqez qonaqları hesabda önə keçirib. 28-ci dəqiqədə "Keşlə" komandası azlıqda qalıb. Denis Silva etdiyi kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
45-ci dəqiqədə cərimə meydançası daxilində Cabir Əmirliyə qarşı qayda pozuntusuna görə İnqilab Məmmədov penalti təyin edib. Topa yaxınlaşan Conatan Ayite hesabı bərabərləşdirib -1:1.
İkinci hissəyə sürətli başlayan "Zirə" hesabda önə keçib. 47-ci dəqiqədə Xulio Sezar Rodriqez qolkiperdən qayıdan topu qapıdan keçirərək "dubl" edib. 52-ci dəqiqədə Mfo Kqasvane qapıçı ilə təkbətək dueldən qalib ayrılaraq hesab arasındakı fərqi 2 topa çatdırıb - 3:1.
Bu qələbə ilə xallarının sayını 28-ə çatdıran "Zirə" 1 oyun az keçirən "Sabah"ı qabaqlayaraq 5-ci sıraya yüksəlib. "Keşlə" isə topladığı 20 xal ilə sonuncu - 8-ci yerdə qərarlaşıb. Əgər "Sumqayıt" komandası bu gün "Sabah"la keçirəcəyi matçda 1 xal qazanarsa, sona 1 tur qalmış "Keşlə"nin Premyer Liqanı tərk edəcəyi dəqiqləşəcək.
--------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, baş tutacaq matçlardan sonra çempion, gümüş və bürünc medalın sahibi, eləcə də sonuncu yeri tutacaq komandalar müəyyənləşə bilər. Bunun üçün bir sıra uyğun nəticələr qeydə alınmalıdır.
“Qarabağ”ın ardıcıl 6-cı çempionluq üçün taleyi öz əlindədir. Ağdam təmsilçisi evdə “Səbail”i məğlub edəcəyi halda qızıl medalları təmin edəcək. Əyalət təmsilçisi qalib gəlməyəcəyi təqdirdə də birinci ola bilər. Bunun üçün ən yaxın izləyici “Neftçi”nin Qəbələdə xal itirməsi lazımdır. Çünki liderin 60, “ağ-qaralar”ın isə 55 xalı var. Bakılılar səfərdə 3 xal əldə etsələr, çempion son turda “Neftçi” və “Qarabağ” arasında keçiriləcək qarşılaşmada bilinəcək. Bu iki oyun gümüş və bürünc medalın sahiblərinin bəlli olması baxımından da önəmlidir. Hazırda “Səbail” 41 xalla 3-cü, “Qəbələ” isə 36 xalla 4-cü sıradadır. Bu isə o deməkdir ki, “qırmızı-qaralar” “Neftçi”yə qalib gəlməsələr, mükafatçılar sırasına düşmək şansını itirəcəklər.
Günün digər iki oyunu isə sonuncu yeri tutacaq komandanın dəqiqləşməsi baxımından önəmlidir. Hazırda 20 xalla axırıncı yerdə gedən “Keşlə” 5 xal və 2 pillə geri qaldığı “Zirə”ni qəbul edəcək. Qonaqlar uduzmayacaqları təqdirdə, elitadakı yerlərini qoruyacaqlar. Ancaq meydan sahibləri qalib gəlməyə çalışmalıdırlar. Çünki bunu bacarmasalar, turun son matçında 23 xalla 7-ci sıradakı “Sumqayıt” öz meydanında 27 xalla 5-ci olan “Sabah”ı udmaqla, işi bitirə bilər.
Azərbaycan Premyer Liqası
XXVII tur
5 may (bazar)
17:00. “Keşlə” – “Zirə” - 1:3
Qollar: Conatan Ayite, 45 (pen.) - Xulio Sezar Rodriges, 27; 47. Mfo Kqasvane, 51
Qırmızı vərəqə: Denis Silva, 28 ("Keşlə")
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”
İlk üç dövrə - 2:2, 1:0, 0:2
18:00. “Qəbələ” – “Neftçi” - 1:3
Qollar: Rauf Əliyev, 84 - Mamadu Mboc, 25. Baqali Dabo, 71; 90 (pen.)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Qəbələ şəhər stadionu
İlk üç dövrə - 1:2, 3:1, 1:1
18:00. “Qarabağ” – “Səbail” - 4:0
Qollar: Miçel, 21. Mahir Mədətov, 42; 69; 87
Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk üç dövrə - 2:0, -:+, 2:1
20:00. “Sumqayıt” – “Sabah” - 1:0
Qol: Əmir Ağayev, 49
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”
İlk üç dövrə - 4:1, 0:1, 1:1.