Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının ikinci stadionu olan "Əl-Vakra" istifadəyə verilib.
Sportnet.az xəbər verir ki, stadionun açılışı Qətər Əmiri Kubokunun final oyununa təsadüf edib. Həmin görüşdə "Əl-Duhayl" "Əl-Sadd" klubuna 4:1 hesabı ilə qalib gəlib.
Layihəsi memar Zaha Hadid tərəfindən hazırlanan çalma görkəmli stadion 40 min tamaşaçı tutumuna malikdir. Arena 575 milyon dollara başa gəlib. Yenidən təmir olunaraq istifadəyə verilmiş ilk stadion isə Dohadakı "Xəlifə" stadionudur. Onun da tamaşaçı tutumu 40 mindir.
Qeyd edək ki, 2022-ci il dünya çempionatı ilk dəfə noyabr-dekabr aylarında keçiriləcək. Bu, Qətərdə adətən havaların yüksək temperaturda keçməsi ilə əlaqədardır.