Bu gün Naxçıvan Muxtar Respublikasının stadionunda Azərbaycan Kubokunun final maçtı keçirilib.
Sportnet.az-ın Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mövsümün son qarşılaşmasında "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüş "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 4-cü dəqiqədə kapitan Cavid Hüseynovun ötürməsindən sonra Stiven Monroz başla qapıdan keçirib. Monroz qolu vurduqdan sonra xəstəliyi üzündən oyunu buraxan komandanın bombardiri Ceyms Adeniyinin 17 nömrəli formasını nümayiş etdirib.
İlk yarı sönük mübarizə şəraitində keçib. "Qəbələ"nin ərazi üstünlüyünə malik olduğu qarşılaşmada fasiləyədək daha bir real qol imkanını da "qırmızı-qaralar" yaradıb. Lakin Lalavele Atakora 41-ci dəqiqədə qapıçı ilə təkbətəkdən yararlana bilməyib.
İkinci hissə qol vəziyyətləri sarıdan nisbətən zəngin olub. 70-ci dəqiqədə mübahisəli vəziyyət yaranıb. "Qəbələ"nin qapısı qarşısına asmadan sonra Adil Nağıyev başla topu qapıya göndərib. Bu zaman "qırmızı-qaralar"ın müdafiəçisi Bəhlul Mustafazadə topu qapı xətti üzərindən çıxarıb. "Sumqayıt"ın oyunçuları qol tələb etsələr də, baş hakim "davam" deyib. Bundan əvvəl isə "Qəbələ" bir neçə əlverişli imkanı boşa verib. Oyunun sonlarında da bir neçə təhlükəli epizod yaranıb. 79-cu dəqiqədə "Sumqayıt"dan Ülvü İsgəndərovun cərimə zərbəsindən sonra, 83-cü dəqiqədə isə "Qəbələ"dən Rauf Əliyevin baş zərbəsi qapıdan azacıq yan keçib. Referinin artırdığı 6 dəqiqə də olmaqla, qalan bölümdə də qol olmayıb. Əvəzində hava qaraldığı üçün projektorlar işə düşüb. Amma süni işıqlandırma zəif olduğu üçün elə də effektli olmayıb. Eyni zamanda Rauf Əliyev başından qan açıldığı üçün yerini gənc Rövlan Muradova verib. Az sonra Cavid Tağıyev kobud oyuna görə qırmızı vərəqə alaraq, "Sumqayıt"ı azlıqda qoyub.
Beləliklə, "Qəbələ" 4-cü dəfə yüksəldiyi Azərbaycan Kubokunun final matçında ilk dəfə titul əldə edib. "Qırmızı-qaralar" ölkə kubokunu qazanan 9-cu komanda olub. Daha əvvəl bu mükafatı "Qarabağ" (6 dəfə), "Neftçi" (6 dəfə), "Kəpəz" (4 dəfə), "Bakı" (3 dəfə), "Xəzər Lənkəran" (3 dəfə) "İnşaatçı Bakı", "Şəfa" və "Keşlə" komandaları əldə edib. Bu, Naxçıvanda 2-ci final matçı olub. 2016/2017 mövsümündə keçirilmiş ilk finalda "Qarabağ" "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
-------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda baş tutacaq matçda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcəklər. Nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfə həlledici görüşə vəsiqə qazasalar da, hamısında uduzublar. Qəbələnin eyni adlı təmsilçisi 2013/2014 mövsümündə “Neftçi”yə (1:1, pen. 2:3), son iki ildə isə “Qarabağ” (0:2) və “Keşlə”yə (0:1) məğlub olub.
“Sumqayıt” isə tarixində ilk dəfə finala adlayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Naxçıvanda zəfər çalarsa, avrokubokda da “siftə” etmiş olacaq.
Bu komandaların Premyer Liqanın cari mövsümünə təsadüf edən 4 oyununda tərəflər hərəyə bir dəfə 1:0 hesabı ilə qalib gəlib. Digər iki matçda isə heç-heçə qeydə alınıb – 1:1, 2:2.
“Qəbələ” və “Sumqayıt” kubokda ilk dəfə qarşılaşacaqlar. Premyer Liqada isə geridə qalan 28 oyundan yalnız 3-də “gənclik şəhəri” təmsilçisi qalib gəlib. 17 görüşdə “Qəbələ” üstün olduğu halda, 8 dueldə bərabərlik olub. “Qırmızı-qaralar” top fərqində də öndədirlər – 47:21.
“Sumqayıt” finala qədər “Neftçi” (2:0, 0:1) və “Zirə” (0:0, 3:3) mübarizədən kənarlaşdırıb. “Qəbələ” isə “Sabah”la (1:0, 1:0) “Qarabağ”dan (1:0, 1:2) güclü olub.
Qeyd edək ki, 2018/2019 mövsümündə Premyer Liqanın qalibi “Qarabağ” olub. Ağdam təmsilçisi ölkəni çempionlar Liqasında, gümüş mükafatçı “Neftçi” ilə 3-cü yeri tutan “Səbail” isə Avropa Liqasında təmsil edəcək. Azərbaycan Kubokunun qalibi də son iki komandaya qoşulacaq.
Azərbaycan Kuboku
Final
19 may
17:00. “Qəbələ” – “Sumqayıt” - 1:0
Qol: Stiven Monroz, 4
Qırmızı vərəqə: Cavid Tağıyev, 90+5 ("Sumqayıt")
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası stadionu.