"Təlim-məşq toplanışındakı yüklənmədən sonra futbolçularımızı yoxlamaq istəyirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Taktiki-texniki cəhətdən çox istədiyimiz bir şey yox idi. Əsas istək hərəkətlilik idi. Əvvəllər qol vura bilmirdiksə, bu gün 3 top buraxmağımıza rəğmən, 5 dəfə fərqləndik. Çoxlu qol vurmağımız bizi sevidirir".
Bunu Sportnet.az-a müsahibəsində "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov "Zirə"yə 5:3 hesabı ilə qalib gəldikləri yoxlama oyunu barədə danışarkən deyib. 49 yaşlı mütəxəssis digər sualları da cavablandırıb...
- Sol cinahınızın fəal görünməsi cəzadan sonra heyətə qaytardığınız Təmkin Xəlilzadənin oynaması ilə əlaqədar deyil?
- Təmkin "Sabah"a və Azərbaycan futboluna gərəkli oyunçudur. Nizam-intizam sarıdan problemi var idi. İnanıram ki, bundan sonra olmaz. Bunun üzərində çalışırıq, özü də işləyir. Milli komandanın oyunçusudur. Yenidən ölkə futboluna qazandırmalıyıq. Nizam-intizam tərəfdən axsımasa, Azərbaycanın sol cinahdakı bir nömrəli futbolçusudur.
- Yeni transferlər komandaya nə dərəcədə güc qatıblar?
- Keyfiyyət baxımından, əlbəttə, güc qatıblar. Keyfiyyətli futbolçu olduqca komanda daha yaxşı görünür.
- Hendrik Eksteynin "Sabah"dakı debüt matçından razı qaldınız?
- "Pule" ləqəbli futbolçumuzun da hazırlığı o dərəcədə deyil. Baxdığımız oyunlarda hərəkətliliyini, işgüzarlığını daha çox görmüşdük. Bu gün belə görünmürdü. Ola bilsin, bu, yüklənmədən sonra belədir. Gələcək oyunlarda daha maraqlı oyunçu kimi ortaya çıxar.
- Düşünmürsünüzmü ki, boyunun balacalığı, çəlimsizliyi rəsmi oyunlarda ona problem yarada bilər?
- O qədər belə futbolçular var ki... Pulenin çəlimsizliyi mənim üçün elə də önəm kəsb etmir.
- Yəni, rəqib komandaların fiziki hazırlığı yüksək olan müdafiəçilərinə qarşı oynadıqda onu sındıra, zədələyə bilərlər...
- Sındıran oyunçu qırmızı vərəqə alar. Yenə deyirəm, bugünkü oyunla müqayisədə Eksteynin işgüzarlığı daha çoxdur. İnanıram ki, komandamıza xeyir verə biləcək.
- Saşa Stamenkoviçə bu gün şans verməməyiniz nə ilə əlaqədar idi?
- Əsas məsələ Oleq Kornauxa şans verib milli üzvü sayıldığı üçün onu yoxlamaq idi. İstədik ki, həm onu iş başında görək, həm də U-21 yığmamıza qazandıraq. Saşa Stamenkoviçlə isə müqavilə uzadılıb.
- Cavid İmamverdiyev yenə penaltini dəqiq yerinə yetirə bilmədi. Başqa oyunçuya penalti imkanı yaratmaq fikriniz var?
- Xeyr. Əsas penaltivuranımız Marko Deviçdir. O, olmayanda Cavid vurur.