
"Yoxlama oyunu olduğu üçün digər həmkarlarım kimi fikir bildirəcəyəm. Bu matç "Qəbələ" ilə qarşılaşmamızdan fərqli idi. Əvvəlki yoxlama oyunundan əvvəl məşqlərə yeni başlamışdıq. Əvvəlki görüşümüz də məşq xarakterli idi. Məqsədimiz tonusu saxlamaq idi. "Sabah"la oyunda isə get-gedə üzərində işlədiyimiz taktiki hazırlığın nəticəsini, futbolçulardan etdiyimiz tələblərin 50-60 faizini görmək istəyirdik. Bəzi epizodlarda bunlar var idi. Bəzilərində isə yox idi ki, bu da yoxlama oyunları üçün normaldır".
Bunu Sportnet.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a 3:5 hesabı ilə uduzduqları yoxlama matçını dəyərləndirərkən deyib. 41 yaşlı mütəxəssis bildirib ki, yeni transferlərdən Cavid Hüseynov və Elvin Camalovun keyfiyyətləri barədə danışmaq artıqdır: "Hamısından razıyıq, onları məndən də yaxşı tanıyırsınız. Təki bundan sonra gələnlər də yaxşı olsunlar".
Abasov yaxın vaxtlarda 3 legionerin gəlişini gözlədiklərini diqqətə çatdırıb. Lakin o, konkret ad çəkmək istəməyib. Baş məşqçi səbəb kimi eyni mövqe üçün danışıqlar apardıqları oyunçular arasından seçim edəcəklərini vurğulayıb: "Bu gün Azərbaycana xaricdən oyunçu gətirmək doğrudan da çətindir".
İyulun 19-dək Bakıda daha 2 yoxlama matçı keçirmək istədiklərini deyən baş məşqçi iyulun 13-də "Keşlə" ilə qarşılaşacaqlarını söyləyib. O, iyulun 18-də nəzərdə tutduqları oyun üçün isə rəqib axtardıqlarını bildirib. Daha sonra Türkiyənin Bolu bölgəsinə yollanacaqlarını deyən mütəxəssis iki həftə ərzində 4 yoxlama matçına çıxacaqlarını əlavə edib: "Hələ rəqiblərimiz bəlli deyil. Adlarını göndərməyiblər".
"Zirə"nin baş məşqçisi "Sabah"la oyun zamanı futbolçusu İlkin Muradova əsəbiləşməsinin səbəbini də açıqlayıb: "Ona dedim ki, danışma, oyna. Yoxlama oyunları danışmaq üçün deyil. Çempionatda danışarıq. Gənc oyunçulardır, onları bir az ab-havaya salmaq lazımdır".