
“Toplanışın ilk günündən futbolçuların istəkli olmaları sevindiricidir".
Sportnet.az xəbər verir ki, bunu Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Ukrayna “Mariupol”una 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.
Gənc mütəxəssis görüş və hazırlığın arxada qalan hissəsi barədə fikirlərini bölüşüb: "Bu gün ilk yoxlama matçını keçirdik. İki gün öncə ağır fiziki hazırlıq yerinə yetirib, dünən bir məşq etmişdik. “Mariupol”la görüş sürət baxımından çox yaxşı oyun oldu. Komandanın həm texniki, həm də sürətli olmasından razı qaldım. Oyunçularda istək hiss olunur”.
Qurbanov ilk oyununu keçirən yeni transfer Merab Giqaurinin çıxışından və komandanın meydanda özünü yaxşı tərəfdən göstərməsindən də razı qalıb: “Merab baxdığımız, potensialına inanaraq heyətə qatdığımız futbolçudur. Bu gün meydanda yaxşı hərəkətli idi. Həm onun, həm komandanın oyunundan razı qaldım. Qələbə qazandıq ki, bu da komandanın əhval-ruhiyyəsi üçün yaxşıdır. Futbolçuların uduzmaq istəməməsi matçın gedişində hiss olunurdu. Çox yaxşı mübarizə apardılar, qələbə qazandılar. Rəqib də Ukrayna Premyer Liqasında mübarizə aparan çox ciddi komandadır. Futbolçular yaxşı əzmkarlıq göstərdilər. Xarakter nümayiş etdirdilər”.