
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Türkiyədəki təlim-məşq toplanışında "Boluspor"a 2:1 hesabı ilə qalib gəldikləri sonuncu yoxlama oyununu dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis fikirlərini gabalafc.az-a açıqlayıb. O, rəqibin gözləniləndən daha sürətli oyun nümayiş etdirdiyini bildirib: "İlk yarıda istədiyimiz oyun bəzən alınsa da, bəzən rəqib imkan vermirdi. Düzdür, son görüşdə bəzi səhvlərimiz də oldu. Lakin bu, hazırlıq matçı idi. “Boluspor”la matçı analiz edəcəyik. Çalışacağıq ki, səhvləri aradan qaldıraq. Sonuncu yoxlama oyunumuzda qələbə qazanmağımız yaxşı oldu. Çünki bu qalibiyyət ona görə lazım idi ki, önümüzdəki həftəyə pozitiv keçək”.
Toplanışın yekunları barədə də fikirlərini bölüşən Qurbanov Avropa Liqasının iyulun 25-də keçiriləcək II təsnifat mərhələsinin ilk oyununa hazırlıq barədə də danışıb: “Bu qarşılaşma ilə Bolu toplanışını da başa vurduq. İki mərhələdən ibarət hazırlıq planı üzrə çalışdıq. Futbolçular istəkli idilər, işlərinə məsuliyyətlə yanaşdılar. Artıq iyulun 25-də keçiriləcək avrokubok matçına köklənirik. Başa düşürük ki, həmin qarşılaşmada daha sürətli rəqibə qarşı oynayacağıq. Avropa Liqasındakı ilk oyunumuz üçün heyəti özlüyümdə müəyyənləşdirmişəm. Bu gün də həmin “11-liy”in meydanda olub, formalaşmasına imkan yaratdıq. Çalışacağıq ki həmin qarşılaşmada səhvsiz oynayaq”.
Qeyd edək ki, "Qəbələ" əvvəlki yoxlama oyunlarında Ukrayna "Mariupol"una 2:1 hesabı ilə qalib gəlsə də, Vorskla"ya uduzub - 1:3.