
"Neftçi" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Rusiyanın Tula şəhərində II təsnifat mərhələsinin ilk oyununda "Arsenal"ın qonağı olub. Görüş flaqmanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Dario Frederiko vurub.
Bu matçda "Neftçi"nin baş məşqçisi Roberto Bordin qapını Səlahət Ağayevə həvalə edib. Müdafiədə sağdan sola olmaqla, Anton Krivotsyuk, Voislav Stankoviç, Kirilo Petrov, Ömər Buludov "dördlüy"ü yer alıb. Kapitan Emin Mahmudov, Mamadu Kane və Soni Mustivar orta xətdə qərarlaşıblar. Hücum xətti isə Dario Frederiko, Rauf Əliyev və Stiven Jozef-Monroza tapşırılıb.
İlk 10 dəqiqədəki kəşfiyyat xarakterli oyundan sonra birinci qol vəziyyəti "Neftçi"nin qapısı önündə olub. 10-cu dəqiqədə Giya Qriqalavanın künc zərbəsi zamanı başla vurduğu topu Ağayev tutub. Lakin irəliləyən dəqiqələrdə matçın tempi yenə aşağı olub.
25-ci dəqiqədə növbəti standart vəziyyət və qol epizodu. Bu dəfə cərimə zərbəsindən sonra Kirill Kombarov topu qapıdan keçirsə də, yan xətt hakimi oyundankənar vəziyyət qeydə alıb. 5 dəqiqə sonra Ağayev bu dəfə Maksim Belyayevin künc zərbəsi zamanı ayaqla vurduğu topu ram edib.
İrəliləyən dəqiqələrdə də meydan sahibləri ara-sıra hücum etsələr də, hesabı açan tərəf "Neftçi" olub. 45+1-ci dəqiqədə Monroz Əliyevlə divar ötürməsi etdikdən sonra topu sağ cinahdan yerlə qapı önünə ötürüb. Həmin anda rəqib müdafiəçilər topa daha yaxın olan Mahmudovu yıxsalar da, Frederiko dəqiq zərbə ilə bakılıları önə keçirib.
İlk hissədə hər iki komandanın ehtiyatlı oynamalarının fonunda "Arsenal" stadionuna toplaşan azarkeşlər əsl futbol atmosferi yaradıblar. "Ağ-qaralar"ı isə "Forza Neftçi" azarkeş qrupunun timsalında həm Bakıda gələn, həm də Rusiyada yaşayan 300 nəfərə yaxın şəxs dəstəkləyib.
Komandalar ikinci hissəyə eyni tempdə başlayıb. Başlanğıcda Monrozun zərbəsi azacıq qapıdan yan keçib. Bundan bir qədər sonra isə Kombarovun zərbəsi təhlükəli alınıb. Lakin müdafiəçilər vaxtında müdaxilə ediblər.
Görüşün 72-ci dəqiqəsində "Neftçi" ciddi itki ilə üzləşib. Qarşılaşmada hesabı açan Frederiko zədələnib və yerini Namik Ələskərova verib.
Ələskərov meydana daxil olandan bir qədər sonra əks-hücum zamanı qapıçı ilə üz-üzə qalsa da, onun zərbəsini "Arsenal" azarkeşlərinin ən sevimli oyunçusu olan Mixail Levaşov dəf edib. 81-ci dəqiqədə isə Kanenin zərbəsindən sonra top dirəkdən dönüb.
Bordin 87-ci dəqiqədə növbəti əvəzetməyə əl atıb. O, matçboyu çox işləyən Mahmudovun yerinə meydana Vangelis Platellası buraxıb. Görüşün sonlarında "Arsenal" məğlubiyyətdən yaxa qurtarmağa çalışsa da, buna nail ola bilməyib.
Beləliklə, "Neftçi" "Silahın paytaxtı" ləqəbi daşıyan Tulanın komandasını ilk oyunda tərksilah etməyi bacarıb. Qarşıda isə cavab görüşü var. Cütün taleyi avqustun 1-də "Bakcell Arena"da keçiriləcək matçda həll olunacaq.
------------------------------
"Qəbələ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Gürcüstanın "Dinamo" kollektivi olub. Qəbələ şəhər stadionunda təşkil olunan qarşılaşma Tbilisi təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Matçdakı ilk qol birinci hissəyə təsadüf edib. Qonaqların heyətində Levan Kutalya 41-ci dəqiqədə fərqlənib. 87-ci dəqiqədə isə Arfanq Daffe fərqi iki topa çatdırıb.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 1-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda olacaq.
-------------------------------------------------------
Bu gün "Qəbələ" və "Neftçi" komandaları Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcəklər.
Sportnet.az xəbər verir ki, "qırmızı-qaralar" bu mövsüm qitəmiqyaslı turnirdə ilk matça çıxacaqlar. Rəqib isə Gürcüstanın "Dinamo" (Tbilisi) komandası olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşmanı şotlandiyalı referi Nikolas Uolş idarə edəcək.
Bu kollektivlər 4 ildən sonra yenidən üz-üzə gələcəklər. 2015-2016 mövsümündə keçirilmiş Avropa Liqasının I təsnifat mərhələsinin oyularında "Qəbələ" Tbilisidə 1:2 hesabı ilə uduzsa da, evdə 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. Həmin mövsüm Azərbaycan təmsilçisi tarixində ilk dəfə qrup mərhələsinədək irəliləməyi bacarıb.
Azərbaycan Kubokunun qalibi kimi avrokuboklara qatılan "Qəbələ"dən fərqli olaraq, "Dinamo" bu mövsüm mübarizəyə I təsnifat mərhələsindən başlayıb. Tbilisi komandası Andorra "Enqordani"sini evdə 6:0, səfərdə 1:0 hesabı ilə yenib. Bu komanda ötən mövsümü gümüş medalla başa vurduğu halda hazırda 21 oyundan 41 xalla liderdir. "Qəbələ" - "Dinamo" cütünün qalibi növbəti mərhələdə Hollandiya "Feyenoord"u ilə üz-üzə gələcək.
Flaqman isə Rusiyada "Arsenal"ın qonağı olacaq. Tula şəhərindəki "Arsenal" mərkəsi stadionunda təşkil olunacaq qarşılaşmaya Enea Yorcinin rəhbərliyi altında albaniyalı hakimlər briqadası təyinat alıb. "Neftçi"nin ilk mərhələdə üstələdiyi Moldova "Sperantsa"sı (3:0, 6:0) kimi, bugünkü rəqibi də avrokuboklarda debüt edəcək. Üstəlik, "Arsenal" ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı yeri tutub. Lakin bu komanda mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayır. "Arsenal" - "Neftçi" cütünün qalibi Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Bney Yehuda"sı ilə qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tbilisi, Gürcüstan) - 0:2
Qol: Levan Kutalya, 41. Arfanq Daffe, 87
Baş hakim: Nikolas Uolş
Yan xətt hakimləri: Alan Mulvenni, Cordan Stokoe
Dördüncü hakim: Qavin Dankan (hamısı Şotlandiya)
Hakim-inspektor: Qay Qötalz (Belçika)
UEFA nümayəndəsi: Mixalis Mitas (Kipr)
Qəbələ şəhər stadionu
21:00. "Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan) - 0:1
Qol: Dario Frederiko, 45
Baş hakim: Enea Yorci
Yan xətt hakimləri: Ridiger Çokay, İlir Tartaray
Dördüncü hakim: Klaydi Kola (hamısı Albaniya)
UEFA nümayəndəsi Sergey İliç (Belarus)
Hakim-inspektor: Pavel Saliy (Qazaxıstan)
Tula (Rusiya), "Arsenal" mərkəzi stadionu.