
"Hələ heç nə itirilməyib. Sadəcə, təkrar edirəm: Həm "Neftçi", həm də "Dinamo" ilə oyunların ilk yarısında uğursuz çıxış etdik. Yalnız Samarada "Krılya Sovetov"la qarşılaşmanın birinci hissəsində rəqibi üstələyə bildik".
Sportnet.az-ın məlumatına görə, bunu Tula "Arsenal"ının baş məşqçisi İqor Çerevçenko Rusiya Premyer Liqasının III turunda evdə "Rostov"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. 45 yaşlı mütəxəssis vəziyyətdən futbolçularla birgə çıxmağa çalışacaqlarını bildirib: "Səbəblərin hamısı birdir. Bu vəziyyətdən futbolçularla birgə çıxacağıq. Aydındır ki, ardıcıl iki məğlubiyyətlə üzləşmişik, özü də evdə. Amma biz nə birinci, nə də sonuncu belə komandayıq".
Çerevçenko II turda "Krılya Sovetov"a 3:2 hesabı ilə qalib gəldikləri görüş də nəzərə alınmaqla, son 3 oyunda 5 qol vurmalarına rəğmən, 6 top buraxmalarına da diqqət çəkib: "İstənilən oyunda istənilən qol müsbət məqamdır. Amma neqativ hal bugünkü oyunda 3 top buraxmağımızdır. Düzdür, son 3 matçda 5 qol vurmuşuq, hamı əl çalır, Rusiya Premyer Liqasında baxımlı futbol alınır. Razıyam. Amma bu baxımlılıq məşqçilər üçün deyil. Tribunada otursaydım, bəlkə mən də əl çalardım. 3 oyunda biz 6 top buraxmışıq. Bu, heç nəyə faydalı deyil, təkcə müdafiəçilərin yox, bütün komandanın, məşqçilər heyətinin günahıdır. Bazar ertəsi bazada görüşüb danışacağıq".
Qeyd edək ki, "Arsenal" iyulun 25-də Tulada "Neftçi" ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda məğlub olub - 0:1. Cavab görüşü avqustun 1-də "Bakcell Arena"da olacaq.