Azərbaycan milli komandasının sabiq futbolçusu Kamal Quliyev AutoCity.az-ın "Onun arabası var" rubrikası üçün müsahibə verib. Ötənlərin tanınmış cinah oyunçusu son zamanlar barəsində yayılan söz-söhbətlərə, marşrut mikroavtobusu sürməsinə dair iddalara münasibət bildirib, maşınlara olan həvəsindən danışıb. Sportnet.az həmin müsahibənin ikinci hissəsini təqdim edir...
Əvvəli burada
- Yeni maşınınız necə idi?
- Maşallah, maşın deyirəm sənə! Şəhərdə barmaqla sayılacaq, görməyə iki göz istəyəcək avtomobil idi. Qara rəngli, ön və arxası gözəl yığılmış, diskləri göz oxşayan, qız-gəlin gözəlliyinə malik maşın! Amma o maşını özüm az sürdüm. Atam bir neçə dəfə rayona gedib-gəldi. Demə, arxa nömrəsi kvadrat formalı "lipa" imiş. Mərəzə postunda polislər saxlayıblar. Atam sənədi təqdim edib. Fikirləşib ki, düz olar da. Yoxlayanda görüblər ki, nömrə "lipa"dır. Maşını cərimə meydançasına aparıblar. Atam oradan zəng edib "Ay oğul, buna bir ətək pul vermisən. Necə oldu ki, nömrəsi belə çıxdı?" dedi. O avtomobili mənə satan şəxs bir nəfərin nömrəsini vermişdi ki, problem olsa, onu yığarsan. O nömrəyə yığdım, o da polisə zəng etdi və maşını cərimə meydançasından buraxdılar.
- Bəs niyə sonradan sürə bilmədiniz?
Atam gələn kimi dedi: "Bu maşın bir gün də burada qala bilməz, satılmalıdır! Belə sənədsiz maşın mənə lazım deyil". Mən isə "Sənədsiz niyə olur ki? Bircə nömrənin sənədi yoxdur, onu da düzüb-qoşarıq" cavabını verdim. Amma atam onu arvad-uşaqla yolda qoyan maşının qapıdan çıxmalı olduğunu israrla bildirdi. Aparıb qapalı dayanacağımıza qoymasını xahiş etdim. Özüm xaricdən növbəti qayıdışımda maşın alverçisi olan dostumda "BMW 745 Bumer" görüb gözüm tutdu. Maşınlarımızı dəyişməyimizi xahiş etdim. Amma o cavab verdi ki, dəyişmir, satır. Belədə öz AMG-mi Zaur Ramazanova satdım. Zaur mənim maşınımdan ötrü ölürdü. Avtomobilimi qardaşı üçün aldı. Amma səhv etmirəmsə, sonradan Heydər Əliyev prospektində aşırdı.
- "Bumer"in taleyi necə oldu?
- Onu "Karvan"da oynadığım vaxt sürürdüm. Yevlaxa gedib-gəlirdim. Daha sonra Samir Əliyev və mən hərəyə bir BMW 745 aldıq. Onun nömrəsinin sonu 007, məndə isə 006 idi. Səhv etmirəmsə, Samir o maşını hələ də sürür. Maşınlarımın içərisində ən sürüləsi maşın elə BMW-lər olub. BMW-dən bundan başqa maşın yoxdur!
- Bəs "Range Rover"i nə zaman aldınız?
- Bir alverçi vardı, hər dəfə yanımıza yeni maşın gətirirdi. Mənim "745"im isə başıma bəla oldu. O maşın yerdən çox, evakuatorda gəzdi. Xaricə oynamağa, təlim-məşq toplanışlarına gedirdim, qayıdanda hamı mənə deyirdi: "Bu maşın bizi yollarda qoyur, hara gediriksə, evakuator çağırmalı oluruq". Bax, bu cür yığmışdı məni boğaza. Bayaq dediyim "Topaz"larına "krışa"lıq etdiyim oğlanlar - necə ki, indiki məşqçilərə "day-day"lıq edirlər - mənə söylədilər: "Sən bizə bu qədər hörmət, pul-parasız qardaşlıq edirsən, biz də sənə jest etmək istəyirik. Ürəyin istəyən maşını seç, sal kreditə, onun kreditini sənə veririk". Beləcə məni yoldan çıxardılar. Özüm də maşınımdan bezmişdim axı... Axırda saqqızımı oğurladılar, mən də razılaşdım. BMW-ni 55 minə satıb, 125 minə təzə "Range Rover" aldım. Alverçinin qardaşı da 5 min manat "mübarək olsun" verdi. Beləliklə, 120 min manata kreditə saldılar. Aybaay da krediti o insanlar ödədilər. Mənim heç xəbərim də olmadı. Tam ödəyib bitirdilər.
- O maşın Sizdə nə qədər qaldı?
- 7-8 il. 4 il əvvəl isə satdım.
- Bəs bundan sonra sadə avtomobil də almadınız?
- Mən indi də o "Range Rover"dən, BMW-dən ala bilərəm. Bu dəqiqə gedim 70 - 80 min civarında maşın alım qoyum altıma. Amma axı neynirəm? Elə o maşını aldığım vaxt 5-6 min, bəlkə də 10 min manat uduzuram. Ondansa verərəm başqa işlərə... Ağlım olmayıb ki, yapışmışam onlardan. O qədər görüləsi işlər olub ki, vaxtında görməmişik.
- Maşından bezmisiniz?
- Konkret, bezmişəm. Maşın sürməkdən bezmişəm. Bilirsən niyə? Avropalılardan fərqimiz odur ki, biz maşına şan-şöhrət, onlar isə sadəcə, nəqliyyat vasitəsi kimi baxırlar. Bu gün "Oka" alıb sürsəm, deyəcəklər: "Kamala bax, nə gündədir? Bu, yenə uduzub, "Range Rover"dən "Oka"ya düşüb". Daha fikirləşməyəcəklər ki, Kamal hər şeyi nəzərə alıb qənaət edir. Bəlkə mənim evimdə dördqapılı, toya-bayıra getməyə başqa maşınım da var?! Görsələr ki, 30-40 minlik maşın sürürəm, "Bu, yenə özünü tutdu, "Topaz"da partlatdı" deyəcəklər. Belə dedi-qodular həmişə mümkündür. Mən bunlara normal baxıram. Çünki tanınmış insanam, bu sahəyə də yaxınam. Məni tanıyanlar da, tanımayıb ağzına gələni yazanlar da var. Onların hamısına cavab verə bilmərəm. Bir Allah, bir də səni tanıyan insanlar necə olduğunu bilirlər. Vəssalam! Bizim də dövran yenidən qayıdar.
- Maşınları tez-tez dəyişən futbolçulara münasibətiniz necədir?
- "Neftçi"də işlədiyim vaxt futbolçu Cavid İmamverdiyev tez-tez avtomobil dəyişirdi. Ona "Cavid, az al, az dəyiş maşınları. Hərəsində 10 - 15 min uduzursan. Sonra peşman olacaqsan" deyirdim. Özümdən misal çəkirdim ki, vaxtilə atama qulaq asmırdım. "Maşındır da, canın sağ olsun" deyirdim.
- Heç qəzaya düşmüsünüz?
- Xeyr, heç vaxt.
- Bəs polis Sizə "ilişib"?
- Heç vaxt. Çünki mənə həmişə hörmət ediblər. Sağ olsunlar. Əlbəttə, həmişə hörmət-hörmətə bağlı olub.
- Qayda pozuntusuna çoxmu yol vermisiniz?
- O qədər olub ki... Kameralar peyda olanadək başdan-ayağa qayda pozuntularım olub. Ürəyim istəyəndə əks istiqamətdə, qırmızı işıqda hərəkət etmişəm. Hərdən adama belə istək gəlir. Görürsən ki, yanından keçən bir uşaq özünü böyük kimi aparmaq istəyir. O zaman bir dəfə qaz verirdim, deyirdim ki, bunu belə edirlər, elə yox! Sürüb çıxıb gedirdim. Olurdu belə cavanlıq hissləri.
- Ən çox sürətiniz nə qədər olub?
- 170 km/saat sürətlə. Bir dəfə Yevlaxdan qayıdanda "Karvan"da komanda yoldaşım olmuş Zaur Ramazanovla bəhsə çıxmışdıq. Gəlib-gördük ki, Ceyrankeçməzdən bir "Jeep" başıaşağı körpüdən düşüb. Meyitləri dağın döşünə sıra ilə düzmüşdülər. Bu acı mənzərəni görən kimi maşında ayaqlarım əsməyə başladı. Ora qədər 160-170 "çapırdıq". Bunu görəndən sonra daha maşın sürə bilmədik. O vaxtdan 120 km/saat-dan yüksək sürətlə sürmədim. Yüksək sürətlə sürməkdən danışanda mənimlə qurtar, dostum Namiqdən (yanındakını göstərir - red.) danış. Kaş, bir yerə tələsəydin, o da səni aparaydı. Sumqayıtdan "Xəzər TV"yə getməyə tələsdikdə, Namiqi axtarıram. O, məni 17 dəqiqəyə burdan televiziyaya çatdırıb.
- Bəs mikroavtobuslarınız xeyir gətirir?
- Allah bərəkət versin. Allah qara camaatımızın, el-obamızın ruzisini versin, canlarını sağ etsin. Hazırda bir "Ford"um, iki dənə "Mercedes Sprinter"im var. Bəzən söz-söhbətlərə son qoymaq üçün yenidən bahalı avtomobil almağı düşünürəm. İstəyirəm ki, dekabrda belə bir maşın alıb atım altıma, bu dedi-qodu da qurtarsın. Bezmişəm artıq (gülür). Mikroavtobuslarımın qiymətləri də ucuz deyil. Hərəsi 40-45 minədir. Hələ birini də almaq istərəm. Ağsuya, rayonlara sərnişin daşımaqla məşğulam. Sürücülərim var, hərdən özüm də sürürəm. İstəyim məşqçiliyə qayıtmaqdır. Amma sürücülük də utanılası bir şey deyil. Maşınlar xarab olmasa, ayıma 5-10 min manat qazanıram. Biri var alnıaçıq, üzüağ, biri də var söhbətimizin əvvəlində dediyim şəxslər kimi yaşamaq. Hansı yaxşıdır?