UEFA-ya üzv olan bütün 54 milli federasiya FİFA prezidenti Yozef Blatterin yenidən seçilməsinə qarşı oturaq etiraz aksiyası keçirəcək. Sportnet.az-ın "The Telegraph"a istinadən məlumatına görə, aksiya iyunda Braziliyanın San-Paulu şəhərində baş tutacaq FİFA-nın illik konqresində olacaq.
78 yaşlı məmurun növbəti müddətə namizədliyini ali futbol qurumunun 209 üzvü qarşısında irəli sürəcəyi gözlənilir. Blatter artıq 4-cü müddətdir ki, FİFA-ya rəhbərlik edir. O, yenidən prezidentlik iddiasındadır.
İsveçrəli funksionerin rəhbərlik etdiyi qurum 2022-ci il dünya çempionatına təşkilatçılıq hüququnun Qətərə 5 milyon dollar rüşvət qarşılığında verilməsində ittiham olunur. FİFA-nı korrupsiya ittihamları ilə daha çox Böyük Britaniyanın futbol rəsmiləri və mətbuatı üz-üzə qoyur. "The Telegraph"ın yazdığına əsasən, belə qənaətə gəlmək olar ki, FİFA-ya qarşı AFFA da etiraz aksiyası keçirmək niyyətindədir. Əslində UEFA üzvlərinin bu niyyətinin arxasında həm də Avropa futbol qurumunun hazırkı prezidenti Mişel Platinini FİFA prezidenti postunda görmək istəyi də dayanır.
İstənilən halda, FİFA Konqresinə qatılacaq AFFA prezidenti və ya baş katibinin oturaq etiraz aksiyada iştirakı sual doğurur. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu iş gününün sonu olduğundan, məsələyə münasibət bildirməyib. Nərimanoğlu bu barədə növbəti iş günündə açıqlama verilə biləcəyini söyləyib.