"Neftçi" klubu İsraildə "Bney Yehuda" ilə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çıxıb.
Sportnet.az-ın matça ezam olunmuş əməkdaşı xəbər verir ki, Petar Tikvadakı Ha Moşava stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qolları 15-ci dəqiqədə Dor Yan və Tambi Saqas vurub.
Yerli komandanın baş məşqçisi Jozef Abuksis Bakıdakı ilk oyunla müqayisədə start heyətdə heç bir dəyişiklik etməyib. Onun "Neftçi"dəki həmkarı Roberto Bordin isə müdafiənin mərkəzində Voislav Stankoviçi Mamadu Mbocla, Vangelis Platellası isə Mamadu Kane ilə əvəzləyib. 11500 tamaşaçı tutumuna malik stadionun yarısının belə dolmadığı görüşdə "ağ-qaralar"ı 100-dək azərbaycanlı fanat da dəstəkləyib.
Görüş "Neftçi"nin hücumları ilə başlayıb, "Bney Yehuda" isə əks-hücum taktikasına yenə sadiq qalıb. Müdafiədə etibarlı çıxış edən meydan sahibləri irəli atılarkən, daha kəskin təsir bağışlayıb. Azərbaycan təmsilçisinin qapısı qarşısında ilk həyəcan təbili 14-cü dəqiqədə çalınıb. Cinah asmasından sonra Məhəmməd Qədirin baş zərbəsi qapıdan azacıq yan keçib. Əvəzində cəmi bir dəqiqə sonra oxşar hücumda "Neftçi"nin qapı qarşısına ötürməsini Dor Yan dəqiq zərbə ilə tamamlayıb.
Bu qoldan sonra flaqman yenə ərazi üstünlüyünə malik olub. Lakin hücumlar təsirsizliyi ilə seçilib. İkinci hissəyə isə Bordin dəyişikliklə başlayıb. O, Mamadu Kanenin əvəzinə Rəhman Hacıyevi buraxıb. 63-cü dəqiqədə Ömər Buludov yerini Baqali Daboya verib. Bu addımlar hücumların kəsərini nisbətən artırsa da, qolu yenə "Bney Yehuda" vurub. Bu dəfə isə əks-hücumda nəzarətsiz qalan Tambi Saqas qapıçı Səlahət Ağayevi məyus edib.
81-ci dəqiqədə "Neftçi"nin baş məşqçisi hücum xəttində son dəyişikliyi də gerçəkləşdirib: Dario Frederikonu Vangelis Platellas əvəzləyib. Bundan sonra "Neftçi" İsrail komandasının qapısına doğru hücumlarını effektivləşdirməyə çalışıb. Belə hücumlar uzatma dəqiqələrində bəhrəsini verib. Əllə oyuna görə təyin olunmuş penaltini kapitan Emin Mahmudov dəqiq yerinə yetirib. Lakin bu qol təsəllidən başqa bir şey olmayıb.
Beləliklə, "Neftçi" Bakıda eyni hesabla geri düşdüyü matçdan fərqli olaraq, bu dəfə geridönüş edə bilməyib. "Bney Yehuda"ya səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" Avropa Liqasında mübarizəni dayandırıb.
-------------------------------
“Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsarildə “Bney Yehuda”nın qonağı olacaq. Petah Tikvadakı “Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Avqustun 8-də “Bakcell Arena”da keçirilmiş ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2. Rəqibin heyətində 26-cı və 36-cı dəqiqələrdə müvafiq olaraq Tambi Saqasla Muhammed Qadir fərqlənib. 43-cü dəqiqədə Stiven Monroz hesab arasındakı fərqi azaldıb. 90+7-ci dəqiqədə isə Namiq Ələsgərov bərabərlik qolunu vurub.
Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
21:00. “Bney Yehuda” – “Neftçi” - 2:1
Qollar: Dor Yan, 15. Tambi Saqas, 66 - Emin Mahmudov, 90+3 (penalti ilə)
Baş hakim: Daniele Doveri
Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo
Dördüncü hakim: Fabritsio Paskua (hakimlər briqadası İtaliyadandır)
Hakim-inspektor: Stefan Lannoy (Fransa)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Petah Tikva, “Ha Moshava” stadionu